"Sevgi bizi həm qoruyur, həm də ən həssas yerimizə toxunur” - PSİXOLOQ FİKRİ

“Sevgi - sadəcə bir hiss deyil, həm də beyində, bədəndə və ruhda baş verən kompleks bir prosesdir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Zeynəb Eyyubova sözlərinə belə davam edib: “Sevib-sevilmək insanı həm psixoloji, həm də fizioloji olaraq dəyişir.
Psixoloji baxımdan, sevildiyini bilən insanın özünəinamı artır, təhlükəsizlik hissi güclənir və mənəvi rahatlıq tapır. Uşaq vaxtından bəri beynimiz “bağlanmaq”, “qəbul olunmaq” ehtiyacını daşıyır. Sevgi bu ehtiyacı qarşılayır və bizi daha balanslı, optimist və sosial edir.
Fizioloji baxımdan isə sevgi zamanı bədəndə oksitosin (bağlanma hormonu), dopamin (mükafat hormonu) və serotonin (xoşbəxtlik hormonu) ifraz olunur. Bu hormonlar stressi azaldır, yuxunu düzəldir, ürək ritmini sabitləşdirir və ümumi immun sistemimizi gücləndirir.

Sevilmək insanı adətən özünü daha dəyərli hiss etdirir, bu da depressiyaya qarşı qoruyucu rol oynaya bilər. Yəni sevgi əslində bir növ “mənəvi dərmandır”. Eyni zamanda sevginin çatışmazlığı, itkisi və ya toxunulmazlığı da insanda travmalar yarada bilər. Bu səbəbdən sevgi mövzusu həm gücləndirici, həm də zərif bir psixoloji prosesdir. Çünki bədən və psixika bir-birindən ayrılmazdır. Sevgi itkisindən sonra bədəndə kortizol adlı stress hormonu yüksəlir. Bu da ürək döyüntülərində dəyişiklik, iştah pozğunluğu, baş ağrısı, hətta immun sistemin zəifləməsi ilə nəticələnə bilər. Hətta tibb dünyasında “qırıq ürək sindromu” deyilən bir termin var — bu, sevgi itkisi sonrası ürəyin fiziki olaraq zədələnməsidir. Yəni sevgi bizi həm qoruyur, həm də ən həssas yerimizə toxunur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə