“Yeniyetməlik dövrü insan həyatının ən kritik keçid mərhələlərindən biridir. Bu dövrdə həm fiziki, həm də emosional dəyişikliklər baş verir. Bu dəyişikliklər gəncdə qarışıqlıq, aqressiya, özünüifadə ehtiyacı və azadlıq axtarışı yaradır. Valideynlərin və böyüklərin buradakı rolu – nəzarət edən deyil, yönləndirən və anlayan olmaqdır. Yeniyetmə bir şey danışırsa – bu çox önəmlidir. Çünki bu dövrdə əksər gənclər “məni heç kim başa düşmür” hissini yaşayır. Onların duyğularını dinləmək, sual vermək, amma dəyişdirməyə çalışmamaq ilk addımdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.
Psixoloq sözlərinə belə davam edib: “Tənqid etdikcə gənc ya qapanır, ya da üsyan edir. Onun hər davranışı arxasında bir səbəb yatır. Nə üçün belə etdiyini anlamağa çalışın. Əgər səhv edibsə, “niyə belə etdin?” deyə soruşmaq əvəzinə, “nə hiss etdin ki, belə etdin?” deyə soruşmaq daha çox açacaq. Yeniyetmə üçün ən vacib məsələ – özünü təhlükəsiz və anlaşılmış hiss etməkdir. Əgər evdə və ya məktəbdə bu yoxdur, o zaman başqa, bəzən zərərli mühitlərə çəkilə bilər. Onunla açıq, amma mühakimə etməyən dildə danışmaq çox önəmlidir.
Gənclər artıq internetdə “öz dünyalarını” yaradıblar. Onlara sadəcə “telefonu yerə qoy” demək deyil, niyə bu qədər asılı olduqlarını başa düşmək lazımdır. Çox zaman bu, sosial qəbul olunmaq ehtiyacından doğur.
Yeniyetməyə sərbəstlik lazımdır, amma sərhədsiz azadlıq yox. Onlara “bu qayda var, çünki səni qorumaq istəyirik” deyə izah edilməlidir. Əmr formasında deyil, empati ilə qoyulan sərhədlər həm qarşılıqlı hörməti, həm də güvəni möhkəmləndirir. Yeniyetmələrlə münasibət mövqe savaşına yox, əlaqə qurmağa yönəlməlidir. Psixoloq kimi deyə bilərəm ki, bu yaşda bir gənc üçün ən dəyərli şey – özünü ifadə edə biləcəyi, qəbul olunduğu bir münasibətdir. Onu tənqid etmək yox, duyğularını eşitmək lazımdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə