"Azərbaycan qədim dövrlərdən müxtəlif dinlərin, məzhəblərin və millətlərin sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı ərazi olub". Bunu SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, tarix boyu bu torpaqlarda fərqli dini inanclara, mədəniyyətlərə və etnik kimliyə sahib insanlar bir arada dinc şəkildə yaşayıblar: "Bu harmoniya və qarşılıqlı hörmət mühiti əsrlər boyu qorunub saxlanılıb və bu gün də Azərbaycan bu ənənəni uğurla davam etdirir.
Ölkəmizdə dini və etnik müxtəliflik dövlət siyasətinin ayrılmaz bir hissəsidir. Azərbaycan dövləti bu sahədə yalnız hüquqi çərçivə yaratmaqla kifayətlənmir, eyni zamanda müxtəlif dini icmalara dəstək göstərir, onların fəaliyyətini təşviq edir. Dövlət etiqad azadlığının təmin olunması üçün əlverişli şərait yaradır, həmçinin bu icmalara maddi və inzibati dəstək də verir. Bu dəstək təkcə maliyyə yardımları ilə məhdudlaşmır, həm də mədəni, təhsil və sosial sahələrdə həyata keçirilən layihələrlə daha da gücləndirilir.
Azərbaycan dövləti müxtəlif dinlərə və konfessiyalara aid ibadət məkanlarının qorunmasına, bərpasına və yenidən qurulmasına da xüsusi diqqət ayırır. Sinqoqlar, kilsələr, məscidlər – bütün bu məkanlar ölkəmizdə birgəyaşayışın, qarşılıqlı anlayışın və dini dözümlülüyün real nümunəsidir. Bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan təkcə regionda deyil, bütün dünyada tolerantlığın və multikulturalizmin əsas ünvanlarından biri kimi tanınır.
Beləliklə, Azərbaycanın tolerantlıq modeli sadəcə daxili siyasətin uğuru deyil, həm də dünyaya nümunə olan bir modeldir. Ölkəmiz bütün dünyada dini və etnik müxtəlifliyin harmonik şəkildə yaşaya biləcəyinin canlı sübutudur. Dövlətimizin atdığı ardıcıl və sistemli addımlar sayəsində bu dəyərlər getdikcə daha da möhkəmlənir və gələcək nəsillərə ötürülür".
Bütün xəbərlər Facebook səhifəmizdə