“Uzun illər ərzində bu məsələyə ciddi yanaşmamışıq. İnfrastruktur inkişaf etsə də, nəqliyyatın planlı şəkildə formalaşdırılmaması bu gün ciddi tıxaclara səbəb olur". Bunu SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Yasin Mustafayev deyib.
Ekspert bildirib ki, tıxacların əsas səbəblərindən biri ictimai nəqliyyatın zəif inkişaf etməsidir: “Hazırda şəhərdə alternativ və çeşidli nəqliyyat vasitələri mövcud deyil. İctimai nəqliyyat sistemi isə mövcud tələbləri qane etmir. Avtobus dayanacaqları, metrostansiyaların sayı və yerləşməsi – bütün bunlar demək olar ki, yarıtmaz vəziyyətdədir”.
Onun sözlərinə görə, problemin həlli yalnız metro və ya avtobus xətlərinin sayını artırmaqla mümkün deyil: “Bu, kompleks yanaşma tələb edir. Paralel olaraq vətəndaşları təşviq etməliyik ki, yaxın məsafələri – məsələn, 500 metr və ya 1 kilometr piyada qət etsinlər. Hər kəsin bu yöndə atdığı addım, ümumilikdə şəhərin nəqliyyat sisteminə müsbət təsir göstərər, tıxacların azalmasına kömək edər”.
Yasin Mustafayev qeyd edib ki, inkişaf etmiş ölkələrdə tətbiq edilən əsas model – ictimai nəqliyyatdan geniş istifadə, fərdi nəqliyyat vasitələrindən isə minimum istifadədir: “Hazırda 10 yeni metrostansiyanın tikintisi planlaşdırılır. Metronun inkişaf planı tam icra olunduqdan sonra paytaxtın nəqliyyat yükü xeyli yüngülləşəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə