"Günəşin dərimizə mənfi təsirləri əsasən iki fərqli şəkildə özünü göstərir". Bu sözləri SİA-ya açıqlamasında dermatoloq-həkim Bəxtiyar Paşayev deyib.
Onun sözlərinə görə, bunlardan biri uzun müddətli və təkrarlanan günəş şüalarının təsiridir, digəri isə qısamüddətli, amma intensiv günəş altında qalma nəticəsində yaranan təsirlərdir. Uzunmüddətli təsir o deməkdir ki, illərlə, hər gün və ya müəyyən dövrlərdə günəşdən qorunmadan məruz qalmaq dəridə erkən yaşlanmaya səbəb ola bilər. Bu, dəridə ləkələrin yaranmasına, elastikliyin itirilməsinə və ən təhlükəlisi də dəri xərçəngi riskinin artmasına gətirib çıxarır. Belə davamlı təsir dərinin hüceyrələrində zədələnmələr yaradır, nəticədə dəri daha incə və həssas olur. Digər tərəfdən, qısamüddətli təsir isə xüsusilə isti günlərdə bir neçə saat boyunca günəşin altında qalmaqla bağlıdır. Bu zaman dəridə günəş yanıqları əmələ gəlir ki, bu da dəridə qızartı, şişkinlik və ağrı ilə özünü göstərir. Günəş yanıqları bəzən fotodermatozlar və ya fotoallergik reaksiyalar şəklində daha ciddi problemlərə səbəb ola bilər, xüsusilə həssas dəriyə malik insanlarda.
Hər kəs günəşdə uzun müddət qalanda bu yanıq riskini daşıyır və bu, mövsümə görə daha çox yay aylarında aktual olur. Günəşin bu mənfi təsirlərindən qorunmaq üçün günəşlənmək ümumiyyətlə məsləhət görülmür. Əgər mütləq günəşdə olmaq lazımdırsa, daha çox kölgəli yerlərdə, məsələn, çətirin altında qalmaq tövsiyə edilir. Günəşdən qoruyucu kremlərdən istifadə etmək də çox vacibdir. Xüsusilə SPF (Sun Protection Factor) göstəricisi olan kremlər dərini həm UVA, həm də UVB şüalarından qoruyur və günəş yanığı riskini əhəmiyyətli dərəcədə azaldır. Bundan əlavə, günəş altında qalma saatlarını da tənzimləmək lazımdır. Ən təhlükəsiz saatlar səhər 11:00-a qədər və günorta 16:00-dan sonra hesab olunur, çünki bu zaman günəşin şüaları daha zəifdir. Nəticə olaraq, sağlam dəri və ümumi sağlamlıq üçün günəşə məruz qalma diqqətlə idarə edilməli, həm uzunmüddətli, həm də qısamüddətli zərərlərin qarşısı alınmalıdır. Günəşdən qorunmaq, doğru vaxtda və düzgün şəkildə günəşlə əlaqəni saxlamaq, həm dərinin sağlamlığını qoruyar, həm də xroniki xəstəliklərin riskini azaldar.
Müəllif: Günel Rəşadqızı
Bütün xəbərlər Facebook səhifəmizdə