"Bu insanlara yemək yemək belə "mənasız" görünə bilər" - PSİXOLOQ İZAH ETDİ
"Depressiya beyində əhvalı və iştahanı tənzimləyən maddələrin – serotonin və dopaminin – balansını poza bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Brainspotting terapisti Pərvanə Musayeva deyib.
O bildirib ki, bu dəyişikliklər insanın həm əhval-ruhiyyəsinə, həm də iştahına birbaşa təsir edir: "Serotonin həm əhvalı tənzimləyir, həm də qida ehtiyacını. Depressiyada bu maddələrin azalması bəziləri üçün iştahanı artırır, bəziləri üçün isə tamamilə azaldır.
Hiperfagiya (çox yemək): Bəzi insanlar yeməyi bir növ emosional tənzimləmə üsulu kimi istifadə edirlər. Karbohidratlı və şəkərli yeməklər müvəqqəti rahatiq hissi yaradır. Bu isə insana Emosional doyumluluq hissi verir.
Hipofagiya ise (iştahanın itməsi): Bəzi insanlarda depressiya ümumi həyat marağının və enerjisinin azalmasına səbəb olur. Bu insanlara yemək yemək belə "mənasız" görünə bilər.
Bəziləri üçün yemək bir növ "özünü sakitləşdirmə vasitəsi" ikən, digərləri üçün isə depressiya zamanı hətta yemək belə cazibəsini itirir. İnsanların emosional tənzimləmə tərzi, uşaqlıq təcrübələri və şəxsi psixoloji strukturları bu reaksiyaya təsir edir. Məsələn, uşaqlıqda yeməklə mükafatlanan birinin depressiyada çox yeməyə meylli olma ehtimalı artır.
Bəzi insanlar üçün həddən artiq çox yemək gizli depressiya əlamətidir və cəmiyyətdə bu çox da ciddi qəbul edilmir. Bəziləri isə sadəcə "iştahsızam" deyir, amma altında ciddi bir psixoloji narahatlıq yatmış ola biler. Bəzi hallarda bu durum tənzimlənmədikdə bulimiya, anoreksiya, tənzimlənməyən qida qəbulu kimi yemək pozuntuların yarada bilər.
Depressiyanın hər insanda fərqli təzahür etdiyini, həm çox yeməyin, həm də az yeməyin əslində bir siqnal olduğunu bilmək lazımdır. Depressiya ilə bərabər gedən yemək pozuntuları professional müdaxilə tələb edir".
Bütün xəbərlər Facebook səhifəmizdə