Uşağa necə müraciət edilməlidir? - PSİXOLOQ İZAH ETDİ

"Valideynlərin uşaqlarına "aşkım", "ömrüm", "həyatım" kimi ifadələrlə müraciət etməsi gündəlik həyatda çox rast gəlinən, sevgi dolu görünən bir davranışdır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib.

O bildirib ki, lakin psixoloji baxımdan bu tip müraciətlər, ilk baxışda zərərsiz görünsə də, uşağın şəxsiyyət inkişafı və sərhəd anlayışı üçün bəzi risklər daşıyır: "Psixoloqlar bu məsələyə niyə ehtiyatla yanaşır?

1. Emosional sərhədlərin pozulması

Uşaqla bu cür romantik ifadələrlə danışmaq onun emosional sərhədlərini çaşdıra bilər. "Aşkım", "həyatım", "ömrüm" kimi sözlər əsasən cütlüklər arasında istifadə olunan romantik dillə bağlıdır. Uşaq isə bu münasibət formasını anlaya bilməz və zamanla valideyn-övlad münasibəti ilə romantik münasibət arasındakı fərqi ayırd etməyə çətinlik çəkə bilər. Bu, onun gələcəkdə sağlam münasibət qurmasında problemlərə yol aça bilər.

2. Uşağın şəxsiyyətini yox saymaq

Uşağa öz adı ilə deyil, romantik ləqəblərlə müraciət edilməsi onun individual şəxsiyyətini kölgədə qoya bilər. Uşaqda "mən kiməm?" sualına cavab formalaşmalıdır. Özünüdərkin və şəxsiyyətin inkişafı üçün uşağın adı ilə çağırılması, onun fərdi bir insan olduğunu hiss etməsi çox önəmlidir. Bu, həm də onun özgüvəninin təməlidir.

3. Valideynin ehtiyaclarını uşağa yükləmək

Bəzən valideynlər "həyatım sən oldun", "ömrümün mənası sənsən" kimi ifadələrlə uşağı emosional ehtiyaclarının mərkəzinə çevirirlər. Bu isə uşağın üzərinə daşıya bilməyəcəyi qədər ağır bir məsuliyyət yükləyir. Uşaq düşünür ki, "mən xoşbəxt olmasam, anam da olmayacaq", "mən onun hər şeyiyəm, səhv etməməliyəm" və bu kimi yükləyici düşüncələrlə böyüyür. Bu da uşaqda həddindən artıq məsuliyyət hissi, günahkarlıq və qorxu formalaşdıra bilər.

Uşağa necə müraciət edilməlidir?

Psixoloji cəhətdən sağlam münasibət üçün uşağa:

Öz adı ilə (məsələn, "Aylin, gəlirsən bura?"),

Hörmət və sevgi dolu ifadələrlə ("canım qızım", "əziz oğlum"),

Onun şəxsiyyətini tanıyan və gücləndirən sözlərlə müraciət edilməsi tövsiyə olunur.

Uşağın şəxsiyyətini dəstəkləyən, onu sevildiyini və qəbul edildiyini hiss etdirən, lakin emosional sərhədləri qoruyan ünsiyyət tərzi onun emosional inkişafı üçün ən sağlam yoldur.

Nəticə

Uşağa sevgi göstərmək çox vacibdir. Amma bu sevgi romantik dillə deyil, onun yaşına, şəxsiyyətinə və ehtiyaclarına uyğun şəkildə ifadə edilməlidir. Valideyn olmaq – yalnız sevmək deyil, həm də uşağın şəxsiyyətini formalaşdıran sağlam sərhədlər yaratmaqdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə