"Travma zəncirini istədiyimiz zaman qıra bilərik" - PSİXOLOQ İZAH ETDİ

"İnsanın gözünü açdığı ilk mühit ailə olduğu üçün travmaların müəyyən qismi valideynlərlə əlaqələndirilir". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

Onun sözlərinə görə, ailə varsa, travmalar ola bilər: "Mütləq deyil ki, valideyn bilərəkdən uşağa travma versin, bu onun istəyindən, niyyətindən asılı olmayaraq da baş verə bilər. Bəzən travma dedikdə fiziki şiddət kimi başa düşülür. Lakin uşaqlıq travmaları hansısa sözlə də bağlı ola bilər.

Bəs sual yaranır ki, travmalar yalnız valideynlərimizdən bizə ötürülür? Xeyr, sosial amillərdən, ətrafımızda baş verən hansısa hadisələrdən də təsirlənib travma ala bilərik. Bəs biz bu travmalarla yaşayıb növbəti nəslə bunu ötürməyə məcburuq?

Əlbəttə, yox. Travma zəncirini istədiyimiz zaman qıra bilərik. Bəs bunu necə etməliyik?

Valideynlər olaraq öz üzərimizdə işləməyimiz, dilimizdən çıxan kəlimələri, analiz etməyimiz lazımdır. Bunu yalnız yeniliyə açıq insanlar edə bilər. Özünü dəyişdirmək istəməyən, buna hazır olmayan insan bunu edə bilməz. Lazım gələrsə, bir psixoloqdan dəstək alaraq da bu problemləri həll edə bilərsiz. Elmdə insanın istədiyi an dəyişilə bilən bir beynə sahib olduğu artıq təsdiqləndi.

Əgər biz travmalarımızı həll etməsək nələr baş verər?

Tədqiqatlar göstərir ki, travmalar həll edilmədikdə insan yeni qurduğu ailədə də ciddi çətinliklərlə qarşılaşır, eyni zamanda karyerasında da irəliləməkdə çətinlik çəkir. Deməli, uşaqlıq travmaları həm şəxsi həyatımıza, həm də kariyeramıza mənfi təsirini göstərir. Bu mənfi təsiri müsbət təsirlə əvəz etmək bizim əlimizdədir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə