"Böyük Qayıdış"la bağlı işlər demək olar ki, hər gün aparılır" - MÜNASİBƏT BİLDİRİLDİ
""Böyük Qayıdış"la bağlı işlər demək olar ki, hər gün aparılır". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, biz bunu kütləvi informasiya vasitələrində də görə bilərik, insanlarla ünsiyyət zamanı da eşidə bilərik: "Bilirik ki, qaçqınlar, məcburi köçkünlər Bakının ətraf kənd və qəsəbələrində, Bakı şəhərində yerləşirlər. Köç prosesi sürətlənir. Onlarla da təmasda olanda görürsən ki, proses nə dərəcədə sürətlə gedir.
Digər tərəfdən "Böyük Qayıdış" proqramı ilə yanaşı eyni zamanda iş yerlərinin açılması prosesi baş verir. Həm Qarabağ, həm də Şərqi Zəngəzurda iş yerlərinin açılması bu bölgələrin iqtisadi inkişafına təkan verəcək, Azərbaycan iqtisadi strukturuna inteqrasiyasına kömək edəcək. Hal-hazırda bu proseslər sürətlə gedir.
Qarabağ və Şərqi Zəngəzurda infrastruktur, obyektlər qurulur. Bu infrastruktur, obyektlərin qurulmasında insanlar iştirak edirlər. Qayıdan yerli sakinlər bir çox hallarda bu işlərdə iştirak edirlər. Demək olar ki, bu da işlərin səmərəliliyini artırır. Digər tərəfdən də yeni iş yerlərinin yaranmasına kömək edir. Hal-hazırda biz görürük ki, Laçın, Kəlbəcərdə infrastruktur, quruculuq işləri gedir. Düzdür, bu, çox çətin şəraitdə baş verir. Digər bölgələrdə - Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, Qarabağın digər regionlarında münasib relyef şəraitində bu işlər davam etdirilir. Kəlbəcər, Laçında isə çox çətin relyef şəraitində işlər gedir. Amma buna baxmayaraq bu ərazilərə də insanlar qayıdırlar. Yarmarkalarda Laçın, Kəlbəcərdən bal, ət məhsullarının gətirilməsi, satışı ondan xəbər verir ki, artıq oraya insanlar qayıdır və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olurlar və məşhur məhsulları Bakıda satırlar. Bunlar onu deməyə əsas verir ki, artıq bu regionlarda həyat canlanır və öz bəhrəsini verir. Bu proseslər Azərbaycan iqtisadiyyatına da böyük töhfələr verir".
Bütün xəbərlər Facebook səhifəmizdə