Baharın gəlişi Qəbələdə bayram əhvali-ruhiyyəsi ilə qeyd olunub

Xalqımızın ən əziz bayramlarından olan Novruz Qəbələ rayonunda böyük coşqu ilə qeyd olunub. Qəbələlilər baharın gəlişini böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayırlar.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Novruz bayramı münasibətilə martın 18-də Qəbələ şəhərindəki Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda ümumrayon tədbiri keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək, qəbələliləri bayram münasibətilə təbrik edib, qədim adət-ənənələrimizdən olan Novruzun xalqımız tərəfindən həmişə böyük sevinc və coşqu ilə qarşılandığını bildirib. Vurğulayıb ki, artıq xalqımız Novruz bayramını ikiqat sevinc hissi, Qələbə əhval-ruhiyyəsi ilə qeyd edir.

Bayram tədbirinə faytonla gələn ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud və yazın müjdəçisi olan Bahar qızı bayram tonqalını alovlandırıblar. Onlar xalqımıza bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb, bu şad gündə el-obanı birliyə, həmrəyliyə çağırıblar.

Bayram münasibətilə təşkil olunan sərgilərdə rayonun xalq sənətkarları tərəfindən hazırlanan əl işləri, dekorativ tətbiqi-sənət nümunələri, rəsm əsərləri, Qəbələnin emal müəssisələrində istehsal edilən sənaye və ərzaq məhsulları, eləcə də bayram şirniyyatları və Novruz xonçaları nümayiş olunub. Çoxəsrlik etnoqrafik milli-mənəvi mədəniyyət irsini, qədim milli adət-ənənələrimizi özündə əks etdirən folklor qruplarının çıxışları, milli musiqi nömrələri tədbir iştirakçılarının ürəyincə olub. Yeniyetmə və gənc idmançılar müxtəlif idman növləri üzrə məharətlərini nümayiş etdiriblər.

Bayram tədbiri konsert proqramı ilə davam edib. Novruzun personajları olan Kosa və Keçəlin bir-birindən maraqlı çıxışları tamaşaçılarda xoş ovqat yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə