DQİDK nümayəndə heyəti Gürcüstanda səfərdədir

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) xaricdə yaşayan azərbaycanlıların milli-mənəvi birliyinin daha da möhkəmlənməsi, onların tarixi Vətənlə bağlılığını möhkəmləndirmək üçün müxtəlif tədbirlər həyata keçirir.

SİA xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanda səfərdə DQİDK sədrinin birinci müavini Gündüz İsmayılov söyləyib.

Onun sözlərinə görə, komitə tərəfindən müqəddəs Ramazan bayramı ilə əlaqədar xarici ölkələrə səfərlər təşkil olunur, soydaşlarımızla görüşlər keçirilir, ilk dəfə olaraq iftar süfrələri açılır və digər tədbirlər təşkil edilir.

Komitə sədrinin rəhbərliyi ilə nümayəndə heyəti artıq qardaş Türkiyədə səfərdə olub, müxtəlif bölgələrdə iftar süfrələri və görüşlər təşkil edib.

Gürcüstana səfərin də əsas məqsədi Komitənin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birlikdə bu ölkədə yaşayan soydaşlarımızın vəziyyəti ilə maraqlanmaqdır. Bu il Komitə tərəfindən ilk dəfə olaraq soydaşlarımız üçün də iftar süfrələri təşkil olunacaq.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Gürcüstanın Dini Qurumlarla İş üzrə Dövlət Agentliyində, Gürcüstan Müsəlmanları İdarəsində və digər müvafiq qurumlarda görüşləri də nəzərdə tutulub.

Bu görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında dini, mədəni və humanitar sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq.

Səfər çərçivəsində Tbilisidə də soydaşlarımız üçün iftar mərasimi təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə