"Şiddətə meyillilik bu qədər dar çərçivəli problem deyil" - PSİXOLOQ İZAH ETDİ

"Şiddətə meyilliliyi bir neçə amillərlə izah etmək olar". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

Psixoloq bildirib ki, çox zaman cəmiyyətdə şiddətə meyilli uşaq gördükdə uşağın şiddət gördüyünü söyləyirlər: "Doğrudur, səbəblərdən biri budur, lakin şiddətə meyillilik bu qədər dar çərçivəli problem deyil. Elə ailələr var ki, onların uşaqları valideynlərindən heç bir şiddət görməyib. Lakin izlədikləri çizgi filmlərindən, hər hansısa videoçarxlardan bəhrələnərək bu davranışı edirlər.

Digər önəmli səbəblərdən biri də uşaqların ehtiyaclarının, duyğu və düşüncələrinin önəmsənilməməsidir. Səsinin eşidilməməsini görən uşaq haqlı və təbii olaraq aqressivləşəcəkdir. Bəzən valideynlər yerli-yersiz cəzalandırmadan istifadə edirlər. Bunu görən uşaq valideyni cəzalandırmaq məqsədilə şiddətə meyilli davranışlar göstərə bilər.

Uşaqlar hələ körpə ikən (1-3 ) yaș biz onları qorumaq məqsədilə qayçıdan, bıçaqdan, eləcə də digər kəsici, deșici alətlərdən qoruyuruq. Qadağan olunmuş şeylər uşaqlara daha maraqlı gəlir. Zamanla biz onlara bu alətlərdən niyə ehtiyatlı olmağımızı izah etməyə çalışırıq. Əgər uşaq bunun təhlükəli olduğunu bildiyi halda yenə kəsmək, doğramaq vərdişlərinə davam edirsə, o uşaqda davranış pozuntusu ola bilər. Çox zaman təhlükədən qorxmayan, etdiyi işin sonunu düşünməyən uşaqlarda hiperaktivlik görülür.

Bu problemi aradan qaldırmaq üçün uşağı və ailəsini dinləməli, şiddətə meyilliliyin səbəbini tapmalı, uşağın özgüvənini artırmalı, bu hərəkəti etdikdə nələr hiss etdiyini müəyyən etmək lazımdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə