Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvü Ramazan ayı ilə əlaqədar Bakıda iftar süfrəsində iştirak edəcək. Bu barədə SİA-ya Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, AK Partinin İstanbul millət vəkili Şamil Ayrım bildirib.
O deyib ki, martın 11-də İğdırda Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və İğdır valiliyinin birgə təşkilatçılığı ilə iftar mərasimi təşkil edilib. Mərasimdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Türkiyənin Diyanət İşləri rəhbəri Ali Erbaş, TBMM-in azərbaycanəsilli millət vəkilləri Şamil Ayrım və Cantürk Aalagöz, İğdır Qeyri-Hökumət Təşkilatlarının (dərnəklər) üzvləri, İğdır Universitetinin rəhbərliyi, diplomatik missiyaların nümayəndələri, yerli din xadimləri və icma üzvləri iştirak ediblər.
Bu gün isə TBMM millət vəkilləri AK Partinin Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycandakı sədri Cengiz Aygörün rəhbərliyi ilə Bakıdakı iftar süfrəsində iştirak edəcəklər.
Səfər çərçivəsində Azərbaycan və Türkiyə Parlamentlərarası Dostluq Qrupu rəhbərləri səviyyəsində olmaqla bir sıra görüşlər də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə