“Hər günün öncəkindən daha xoşbəxt keçməsini istəyirsən? Kim istəməz ki! Xoşbəxt bir həyat yalnız müsbət düşüncə quruluşuyla əlaqədardır. Müsbət düşünmə tərzi həyatımıza bir çox gözəllik qatacaq və onlardan bəziləri isə özümüzə olan etibarımızı artıracaq, streslərimizi və depressiya hallarımızı ən aza endirəcəkdir. Səhv etməkdən qorxmayın, müvəffəqiyyətli hər insanın gün içində etdikləri bir çox səhvləri vardır və bu səhvlər onların daha uğurlu olması üçün, əslində, bir köməkçidirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. Psixoloqun həmçinin qeyd edib ki, bəs pozitiv düşünmək üçün nələri bilməliyik. Birinci növbədə, həyatdan məmnun olmalıyıq. Həyatda sahib olduğumuz kiçik şeylərdən belə məmnun olub şükr etməyi öyrənməliyik. Bizə ilham verən kitabları oxumalıyıq. Əgər kitab oxuma vərdişi varsa, bu, səni həyata qarşı gücləndirəcək. Əgər kitab oxumaqdan xoşlanmır və köhnəlikdir dusunursənsə, müxtəlif bloqları və bu mövzuda qəzet, jurnalda çıxan yazıları oxuya bilərsən. Hər gün on-on beş səhifə kitab oxumaq və bunu hər gün qətiliklə etmək sənin üçün çox yaxşı bir başlanğıc olacaq və müsbət düşünməyi hiss etməyə başlayacaqsan. Daha sonra siz, hər gün ən az bir müsbət cümlə yazıb bunu vərdiş halına gətirə bilərsiniz. Çünki hər kəsin gün içində ətrafında reallaşan xoş hadisələr olur. Psixoloqun fikrincə, bu hadisələri kağıza keçirməyi yoxla və bunu vərdiş halına gətir: “O zaman görəcəksən ki, bu hadisələrin təsiri daha uzun davam edəcək, xoşbəxt olma halın bütün gününə əks olunacaq və qarşılaşdığın çətinliklərə qarşı da bir qalxan vəzifəsi görəcək. Çünki artıq bilirsən ki, həyatında gözəl və səni xoşbəxt edən hadisələr də olur. Tək etməyin lazım olan bu hadisələri görmək və fərqinə varmaqdır. Və nəhayət, pzitiv qalmaq və pozitiv düşünməkçün ətrafındakı mənfi düşünən və davranan insanlardan bacardığın qədər uzaqlaşmalısan. Əgər ətrafındakı insanlar hər fürsətdə mənfi düşünürsə, bu tərz insanların yanında müsbət düşünmək və bunu bir vərdiş halına gətirmək olduqca çətindir. Mənfi insanlardan uzaqlaşma sənə yalnız enerji verməyəcək, eyni zamanda müsbət insanların həyatına girməsi üçün də bir fürsət təqdim edəcəkdir”, - deyə psixoloq Yeganə Əsgərova fikrini tamamlayıb.
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə