"Əslində, süni intellektin rolu insan fəaliyyətini optimallaşdırmaq, daha effektiv qərarlar verməyə kömək etmək və monoton tapşırıqları avtomatlaşdırmaqdır". Bu sözləri SİA-ya açıqlamasında texnoloq Elvin Həsənov deyib.
O bildirib ki, bu gün süni inteellektin köməyi ilə biz səhiyyədən maliyyəyə, təhsildən istehsalata qədər bir çox sahədə dəyişikliklər görürük: "Süni intellektin əsas məqsədi insan fəaliyyətini optimallaşdırmaq, sürəti və dəqiqliyi artırmaqdır. Səhiyyədə süni intellekt tibbi diaqnozları daha tez və dəqiq qoymağa kömək edir, maliyyə sektorunda risk analizlərini avtomatlaşdırır, təhsildə fərdi öyrənmə imkanları yaradır və sənayedə istehsal proseslərini daha səmərəli edir. Bu misallar süni intellektin insan həyatına müsbət təsir etdiyini açıq şəkildə göstərir.
Ancaq bu texnologiya bizə nə qədər fayda versə də, bu inkişafın digər tərəfi də var. Süni intellektin geniş yayılması və getdikcə daha çox funksiyanı üzərinə götürməsi bəzi təhlükələri də özü ilə gətirir. İnsanlar qərar qəbuletmədə, kreativ düşünmədə və hətta gündəlik ünsiyyətdə süni intellektə daha çox etibar etdikcə, tədricən bu bacarıqlarını zəiflədə bilərlər.
Buna görə də əsas məsələ süni intellektin necə istifadə edilməsidir. O, insan həyatını asanlaşdıran və bacarıqlarını artıran bir vasitə olaraq qalmalıdır. Süni intellekt texnologiyaları etik prinsiplərə uyğun inkişaf etdirilməli və insanlar tənqidi düşünmə, kreativlik və etik məsuliyyəti qorumağa davam etməlidirlər. Əks halda, biz texnologiyanın verdiyi imkanlardan faydalanmaq əvəzinə, onun gətirdiyi süniliyin içində itib gedə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə