Sosial şəbəkələrin mənfi və müsbət cəhətləri hansılardır? - ŞƏRH EDİLDİ

"Sosial şəbəkələr müasir rəqəmsal dünyanın ayrılmaz hissəsinə çevrilib və istər fərdi istifadəçilər, istərsə də bizneslər üçün geniş imkanlar yaradır". Bu sözləri SİA-ya açıqlamasında texnoloq Elvin Həsənov deyib.

O bildirib ki, müsbət tərəfdən baxdıqda, sosial şəbəkələr insanlar arasında ünsiyyəti asanlaşdıraraq fiziki sərhədləri aradan qaldırıb: "İstənilən şəxs dünyanın hər yerindən istənilən vaxt informasiya paylaşa, video zənglər edə və qlobal hadisələrdən xəbər tuta bilər. Xüsusilə pandemiya dövründə bu platformalar təhsil, iş və sosial əlaqələr üçün əvəzedilməz rol oynadı.

Rəqəmsal marketinq strategiyalarında sosial şəbəkələrin rolu əvəzsizdir. Məsələn, Facebook və Instagram reklam alqoritmləri istifadəçilərin maraqlarını analiz edərək onlara uyğun reklamlar göstərir. Xüsusilə İT sahəsində peşəkarlar üçün bu platformalar iş imkanları, şəbəkələşmə və texnoloji yeniliklərdən xəbərdar olmaq baxımından əhəmiyyətlidir. GitHub, LinkedIn, Twitter (X) kimi platformalar proqramçılar, sistem inzibatçıları və kibertəhlükəsizlik mütəxəssisləri üçün vacib mənbələrdir. Lakin sosial şəbəkələrin mənfi tərəfləri də var. Sosial şəbəkələrdə istifadəçilərin şəxsi məlumatları böyük həcmdə toplanır və emal edilir. Facebook, Google və digər iri texnologiya şirkətləri dəfələrlə məlumat sızmaları və məxfilik pozuntuları ilə gündəmə gəlib. Deepfake texnologiyası, fişinq hücumları və saxta profillər kimi kibertəhlükələr də istifadəçilərin təhlükəsizliyini riskə atır. Xüsusilə, sosial mühəndislik hücumları (social engineering) insanların şəxsi məlumatlarının oğurlanmasına səbəb ola bilər. Bundan əlavə, dezinformasiyanın yayılması sosial şəbəkələrin ən ciddi problemlərindən biridir.

Avtomatlaşdırılmış bot hesablar, manipulyativ məzmun və süni intellektlə yaradılmış saxta xəbərlər ictimai rəyi çaşdırmaq üçün istifadə edilə bilər. Bu, təkcə sosial deyil, həm də informasiya təhlükəsizliyi baxımından ciddi bir riskdir".

Müəllif: Arzu İbaquliyeva

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə