"Azərbaycan ailəsi üçün mənzil sahibi olmaq ən vacib faktorlardan biridir" - MÜNASİBƏT BİLDİRİLDİ
"İlk növbədə mənzil investisiyadır. Eyni zamanda mənzil sahibi olmaq rifah göstəricisidir. Amma burada insanlar bir sıra hallarda məcburən seçimlər edirlər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.
Onun sözlərinə görə, aydındır ki, hər bir Azərbaycan vətəndaşı mənzil sahibi olmaq istəyir və xüsusilə Azərbaycan ailəsinin dəyərlərini, davranışını nəzərə almış olsaq, Azərbaycan ailəsi üçün mənzil sahibi olmaq ən vacib faktorlardan biridir: "Amma bununla belə, son 3-10 ildə sosial-iqtisadi inkişaf meylləri mənzil əlçatanlığını əhəmiyyətli səviyyədə zəiflətdi. Buna təsir göstərən paytaxt və onun ətrafında sürətli daxili miqrasiya əhalinin təmərküzləşməsi faktoru nəticəsində qiymətlərin artması və ikincisi, nisbətən daha ucuz mənzil sahibi olmaq imkanı olan bölgələrdə işsizlik və insanların həmin bölgələrdə yaşayışını qura bilməməsi idi. Nəticədə insanlar bəzən seçimlər etməli olurlar. Onlar, hətta öz mənzilləri olduğu halda əlverişli əmək fəaliyyəti mühiti olan, iqtisadi-sosial institutların mövcud olduğu bölgələrə köçməli olurlar. Belə hallarda məcburən kirayə qalırlar. Ölkədə hər il təxminən orta hesabla 70 minə yaxın gənc ailə qurulur. Bunların təxminən 90 %-i məcburiyyət səbəbindən kirayə mənzillərə üz tuturlar, çünki gənclərin yığım imkanı və onların əmək bazarındakı mövqeyi, gəlirlərin səviyyəsi mənzil sahib olmaq imkanını indiki halda məhdudlaşdırır. Biz əgər adam başına düşən yaşayış sahəsinə diqqət etsək, görərik ki, Azərbaycan nəinki inkişaf etmiş ölkələrlə müqayisədə, hətta Qafqaz, keçmiş SSRİ-nin digər ölkələri ilə müqayisədə çox zəif mövqeyə malikdir. İnsanların indiki şərtlər daxilində bəzən 20-30 il əmək fəaliyyəti göstərməsi belə, mənzil sahibi olmaq imkanını məhdudlaşdırır. Onlar kirayə mənzillərdə yaşamaq məcburiyyətində qalırlar".
"Bir sıra hallarda, hətta öz mənzillərini kirayə verib, başqa mənzillərdə kirayə yaşayan halların da xüsusilə bir bölgə daxilində, paytaxt və onun ətraf ərazilərində son illərdə geniş yayıldığı müşahidə olunub. Buna da səbəblərdən biri nəqliyyat infranstrukturu, gün ərzində yola sərf edilən vaxtın, xərcin çoxluğu insanları seçimlər etmək məcburiyyətində qoyur.
Azərbaycanda kirayə mənzil bazarı əhalinin təminatında əhəmiyyətli mövqeyə malikdir və bu tendensiyanın yaxın dövrlərdə zəifləyəcəyi ehtimalları da çox aşağıdır. Zaman keçdikcə bu istiqamətdə təzyiqlər artır və insanlar məcburən bəzən ömürboyu kirayələrdə yaşayır" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə