“Son illərdə suşi Azərbaycanda da geniş yayılıb və bir çox restoranlar artıq yerli məhsullardan istifadə edərək bu yeməyi hazırlayır. Bizim ölkəmizdə daha çox çiy balıq yerinə hisə verilmiş balıqla hazırlanan suşilər üstünlük təşkil edir. Bu daha az riskli görünsə də, bəzi qrup insalar üçün yenə də müəyyən sağlamlıq problemləri yarada bilər”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib.
Ceyhunə Yusifova sözlərinə belə davam edib: “Əgər suşi hisə verilmiş balıqla hazırlanırsa, əsas risklərdən biri onun duz tərkibinin yüksək olmasıdır. Hisə verilmiş balıqların çoxu uzun müddət saxlanması üçün duzlanır ki, bu da hipertoniya, böyrək xəstəlikləri və ürək-damar problemləri olan insanlar üçün təhlükəli ola bilər.
Bundan başqa, hisə verilmiş balıq tam bişmiş hesab olunmur. Hamilə və laktasiya dövründə olan qadınlar, immun sistemi zəif olanlar, uşaqlar və yaşlılar üçün Listeria və digər bakteriyaların qalma ehtimalı az da olsa mövcuddur. Buna görə bu qruplara ehtiyatlı olmağı tövsiyə edirəm. Digər vacib məqam isə suşinin tərkibindəki soya sousu və düyü sirkəsidir. Bu maddələr bəzi insanlarda mədə turşusunu artıraraq reflü, qastrit və mədə-bağırsaq problemlərinə səbəb ola bilər.
Əgər Azərbaycanda hazırlanmış suşi yeyirsinizsə, mənbəyi bilinən, gigiyena qaydalarına əməl olunan və keyfiyyətli məhsullardan istifadə edən məkanları seçmək vacibdir. Çiy balıq yerinə hisə verilmiş və ya tam bişmiş balıqla hazırlanan suşiləri seçmək daha təhlükəsiz ola bilər. Sağlamlığınız üçün həmişə qidalanmanıza diqqət edin və sizin üçün uyğun olan variantları seçin!”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə