Azərbaycan gəncləri nə istəyir? - SORĞU

2 fevral Gənclər Günü 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər Günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər Günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.

SİA mövzu ilə bağlı Azərbaycan gəncləri nə istəyir?, gənclərin dünyagörüşü və savadı sizi qane edirmi?, narazı olduğunuz sahələrdə siz hansı dəyişikliklər edərdiniz? kimi suallarla şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Mehri Balabəyova: "Bu dövrün gənclərinin savadı məni çox da qane etmir. Çünki bu, təhsil sistemi ilə bağlıdır. Təhsil sistemində əzbərçiliyə çox önəm verilir. Hamı öz ixtisası ilə bağlı fənləri mənimsəyir, digər fənlər qalır. Birinci və dördüncü qruplar tarixə, coğrafiyaya çox önəm vermir. Bu fənlər dünyagörüşünün əsas sahələrindəndir. Mən gənc olaraq təhsilimi ən yaxşı şəkildə davam etdirmək, xarici ölkələrə getmək, yiyələndiyim peşə üzrə yaxşı mütəxəssis olmaq istəyirəm".

Şəhər sakini Abdulla Ruzi: "Əslində gənclərdən razıyam. Özüm də gəncəm. Sadəcə çox yaxşı olardı ki, ancaq Bakıda belə yüksək səviyyə olmasın, digər iri şəhərlərimizdə də inkişaf olsun. Gəncə də Bakıdan sonra ikinci böyük şəhərdir. Lakin oradakı gənclər Bakıya gəlmək istəyirlər. Çünki Bakıda əyləncə mərkəzləri, maraqlı yerlər var. Çox istərdim ki, bütün gənclər bu imkanlardan istifadə edə bilsinlər. Bütün dünyadakı gənclər nə istəyirlərsə, bizim gənclərimiz də onu istəyirlər. Yüksək səviyyədə təhsil almaq, həyatları gözəl keçsin istəyirlər. Gənclərin dünyagörüşü yüksək səviyyədə ola bilər. Bizim gənclərimiz düşünürlər ki, oxuyub iş tapmaq ən vacib şeydir. Amma, məncə, o deyil. İnsan özünü də yüksək səviyyəyə qaldırmalıdır".

Şəhər sakini Sadiq Eyyubov: "Dövlətin gənclərə qayğısından razıyam. Tələbəyəm, boş vaxtlarımda dostlarımla görüşürəm, əyləncə məkanlarına gedirik. Hələ ki, monoton həyatımdan narazıyam. Daha maraqlı həyat yaşamaq istəyərdim. Dostlarla rayonlara getmək maraqlı olardı. Amma dərslərə görə vaxt məhdudiyyəti var. Bir az da maddi problemlər var. Bu olmasa dostlarla görüşüb rayonlara üz tutmaq olar. Həm işləyib, həm də oxumağa müxtəlif yanaşmalar mövcuddur. Mənə görə çətindir, çünki dördüncü kursam, magistraturaya da hazırlaşıram. İnanıram ki, gələcəkdə hədəflərimə çataram".

Şəhər sakini Nihad Hidayətov: "Gənclərin dünyagörüşü və savadı məni qane edir. Ön cəbhədə əsgərlərimiz dayanıb. Onlar da gəncdir, onlar olmasa, Vətəni kim müdafiə edər? Dövlət maddi, mənəvi təminat baxımdan dövlət gənclərə çox kömək edir. Rayonlarda yaradılan idman məktəbləri və sair hamısı gənclərin inkişafı üçündür. Mən işləyirəm, həm də musiqiyə marağım var. Aylıq əməkhaqqı yaxşıdır. İş insanın cövhəridir. Gənclər istəyər ki, təhsillərini bitirdikdən sonra yaxşı iş tapsınlar".

Şəhər sakini Ceyran Məmmədli: "Fikirləşirəm ki, texnologiyanın inkişaf etdiyi dövrdə gənclərin rolu böyükdür. Onlar bir çox uğurlara imza atacaqlar. Düşünürəm ki, gələcək gənclərin əlindədir. Gənclər Azərbaycanda hüquq və vəzifələrini yaxşı izah etmək və bunun qarşı tərəfdən anlaşılmasını istəyirlər. Təhsildə və ölkəmizin inkişafı barədə uğurlara imza atmaq istəyirlər. Bunun üçün də onlara yol açılmasını istəyirlər. Yaxşı olar ki, gənclər daha çox öyrənsinlər, daha çox kitab oxusunlar. Bununla bağlı kurslar var, tərcümə proqramları var, bununla da gələcəklərini daha yaxşı inkişaf etdirəcəklərini düşünürəm. Azərbaycanda da təhsil o qədər də inkişaf etməyib. Bununla bağlı daha çox biliyə yiyələnsələr təhsilimiz yaxşı olar. Bizdə digər ölkələrin hər şeyini kopyalamaq var. Bizim ölkəmizin mentaliteti, xarakteri başqadır. Gərək ona uyğunlaşdırılsın".

Şəhər sakini Qabil Seyidov: "Gənclərin hərəsinin öz arzusu var. Biz ağsaqqallar onların xoşbəxt olmasını istəyərik. Gənclərin dünyagörüşü və savadı məni qane edir. Gənclərimiz daha çox başqa xalqların ənənələrinə üstünlük verirlər. Mənəviyyatımızdan uzaqlaşırlar. Bəzən görürsən ki, ictimai nəqliyyatda yaşlı insanlar ayaq üstə qalıblar, gənclər özlərini görməməzliyə vururlar. Amma digər mövzularda gənclərdən razıyam. Vətənpərvərdirlər, xırda məsələləri çıxsaq, digər şeylərdə razıyam, xoşbəxt olsunlar".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə