"Narkomaniya ilə mübarizədə dövlətlə əməkdaşlıq vacibdir" - ŞƏRH EDİLDİ
"Narkotiklərlə mübarizədə qeyri-hökumət təşkilatlarının (QHT) əhəmiyyəti çoxdur". Bu sözləri SİA-ya açıqlamasında Narkotiklər üzrə Vyana QHT Komitəsinin üzvü, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova deyib.
O bildirib ki, bu problem qlobal dünyada baş verən proseslər fonunda daha böyük aktuallıq kəsb edir: "Narkotiklərlə mübarizədə vətəndaş cəmiyyətinin daha aktiv iştirakı olduqca vacibdir. Bununla yanaşı, yalnız narkotik vasitələrin istifadəsi deyil, həmçinin onun yayılması, gənclərin psixoloji asılılığı və sosial təcrid kimi problemlər də bu mübarizənin vacib aspektlərindəndir. Bu məsələləri daha dərindən araşdırmalı və həll yollarını tapmalıyıq.
Bu sahədə mübarizənin əsasını əhalinin maarifləndirilməsi və davamlı tədbirlərin həyata keçirilməsi təşkil edir. Hər bir QHT öz imkanları və potensialı çərçivəsində bu sahədə dövlətə dəstək verməli və mübarizəni davam etdirməlidir. Narkomaniya ilə mübarizədə QHT-lərin vətəndaşların maarifləndirilməsindəki əvəzsiz rolu və dövlətlə əməkdaşlıq vacibdir. Bu işlər milli vətəndaş cəmiyyəti üzvlərinə beynəlxalq əlaqələri genişləndirməyə imkan verməklə yanaşı, müsbət təcrübələrin öyrənilməsi nöqteyi-nəzərdən olduqca vacibdir.
Büllur Məmmədova bildirib ki, sədrlik etdiyi "Gənclərin Anti-Narkomaniya" İctimai Birliyi bundan sonra da beynəlxalq tərəfdaşlarının sayını artırmaq və antinarkomaniya sahəsində müsbət təcrübələrin öyrənilməsi üçün səylərini davam etdirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə