"Tanrı insan psixikasının atributudur" - PSİXOLOQ İZAH ETDİ

"Tanrı insan psixikasının atributudur. Mənbəsiz su mümkün olmadığı kimi, insanın mahiyyəti də Allahın zatı olmadan mümkün deyil". Bu sözləri SİA-ya açıqlamasında Psixoloq Psixoterapevt, Duyu bütünləmə mütəxəssisi Orxan Şəfizadə deyib.

O bildirib ki, ən mühüm məqam - Allahın mənşəyini (tapıntısını) içinizdə qəbullanıb və tanımanızdır: "Kəlam buyurduğu kimi: “Allahın Padşahlığı sizin içinizdədir”. "Özlüyüm" termini "Padşahlığın" içimizdə olduğunu göstərir.

“Özlüyüm" (Mənlik) - psixikanın şüurlu və şüursuz hissələrinin birləşmə prinsipi kimi çıxış edir və eyni zamanda insanın ətraf aləmdən təcrid olunmasını təmin edir. "Özlüyüm“(Mənlik) psixoloji reallıqdır, o, bizim əslən çevriləcəyimiz insanın daxili modelidir. "Özlüyüm" (Mənlik) həmişə irəlidə olan məqsəddir. "Özlüyüm" (Mənlik) “içimizdəki Tanrıdır”, Allaha ən yaxın psixoloji yaxınlaşma, ilahilikdir, Allahla əlaqəli olan vəsvəsə və qorxu hisslərini oyatmağa qadirdir. “Numinous” (ilahi) arxetipi doğuşdan hər bir insana xasdır və bu komponent şəxsiyyətin psixi bütövlüyü üçün zəruridir.

Tanrı və Psixologiya: Eyniliklər və Ortaya Çıxan Paralellər.

Tanrı və psixologiya fərqli sahələr kimi qeyd olunsa da, bir İmanlı Psixoloq kimi deyə bilərəm ki, insan psixikasına təsirləri baxımından oxşarlıqları hədsiz çoxdur. Tanrı anlayışı və psixoloji prinsiplər arasında aşağıdakı eynilikləri görə bilərik:

1. İnam və Daxili Sülh

Tanrı: Bir çox insan Tanrıya inanaraq daxili sakitlik və təhlükəsizlik hissi qazanır. Dua, İzzət, həmd və ibadət insanın qorxu və narahatlığını azalda bilər.

Psixologiya: Psixoloji texnikalar, məsələn, kognitiv terapiya insanın daxili gərginliyini azaltmağa və rahatlıq hissini artırmağa kömək edir.

2. Ümid və Mənəvi Güc

Tanrı: İnsanlar Tanrıya inandıqda, həyatda baş verən çətinliklərə qarşı daha dözümlü olurlar. Çünki onlar həyatın mənalı olduğuna, çətinliklərin müvəqqəti və sınaq xarakterli olduğuna inanırlar. Ən əsası isə, bir əminlik var : Rəbbim mənə əminlik verir ki, qoymaz çətin durumda. Çünki kəlam deyir: "Mən səni əsla tərk etmərəm və səni qoyub getmərəm."

Psixologiya: Müsbət psixologiya və rezilyans (psixoloji dözümlülük) nəzəriyyələri də insanın həyatda çətinliklərə qarşı daha güclü dayanmasına kömək edir.

3. Etik Dəyərlər və Mənəvi İstiqamət

Tanrı: Rəbbə olan iman və müqəddəs ayələr insanlara doğru və yanlış anlayışını aşılayır, onlara sosial və mənəvi istiqamət verir.

Psixologiya: Humanist psixologiya (Maslow, Rogers) insanın mənəvi və etik inkişafına diqqət yetirir. Vicdan, empatiya və əxlaqi qərarlar öncə Tanrının, çünki ilk və əbədi olan odur, eyni zamanda həm də psixologiyanın üzərində dayandığı mövzulardır.

4. Günah və Psixoloji Məsuliyyət

Tanrı: Müqəddəs Kəlamda günah anlayışı insanın davranışlarını tənzimləyir və vicdani narahatlıq yarada bilər. Bu da insanlara böyük təkandır ki, qəlblərini qorusunlar. Müqəddəs kəlam buyurduğu kimi: "Qəlbini hər şeydən çox qoru, çünki həyat mənbəyi oradadır."

Psixologiya: Freydin psixoanalizi göstərir ki, insanın içində "Vicdan" var, və bu, onun davranışlarını tənzimləyir. Günah hissi psixoloji narahatlıq yarada bilər, lakin eyni zamanda insanın etik və əxlaqi inkişafına kömək edə bilər.

5. Sevgi və Bağlanma

Tanrı: Müqəddəs kitaba görə, Tanrı insanları şərtsiz sevir və bu sevgi insanlara güvən və psixoloji dəstək verir.

Psixologiya: Bağlanma nəzəriyyəsi (John Bowlby) göstərir ki, uşaqlıqda təhlükəsiz bağlanma hissi olan insanlar həyatda daha sağlam emosional əlaqələr qurur və özlərini daha yaxşı hiss edirlər".

"Tanrı və Psixologiyanın insanın daxili dünyasına, emosional vəziyyətinə və davranışlarına təsir baxımından çox oxşar cəhətləri var. Tanrıya inam bəzi insanlar üçün mənəvi terapiya rolunu oynayır, psixologiya isə eyni məqsədi elmi üsullarla yerinə yetirir. Tanrı və psixologiya fərqli yanaşma kimi qələmə verilsə də, həqiqət danılmazdır!

İMANLI Psixoloq Psixoterapevt Orxan Şəfizadə olaraq deyib və təstiqi izahını gətirə bilərəm ki, Tanrı kimdir? Müqəddəs kəlama baxsaq: Rəbbə təriflər olsun! Onun bütün yaxşılıqlarını unutma. O, bütün günahlarını bağışlayır, bütün xəstəliklərini sağaldır. "O, qəlbi qırılmışları sağaldır və onların yaralarını sarır." Deməli Rəbb şəfa verəndir, Həkimdir. O deməkdir ki, bizim də işlərimiz, fəaliyyət prinsiplərimiz, Onun prinsipləri ilə üst üstə düşməlir. Ələxsus da əgər biz də həkimiksə, daha dərin, daha ilk Tanrı var. Biz isə onun gücü ilə, vasitəsilə insanlara kömək edirik. Elmlə işimizi icra edirik, ancaq mənbə Tanrının özüdür və həqiqi sözüdür" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə