Milli iradəmizin zəfər çaldığı gün

Gənclərimiz tarixi hadisələri bilməlidirlər, eləcə də yaxın tariximizin öyrənilməsi və araşdırılması onların vacib vəzifələri olmalıdır.

Müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində misli görünməmiş gətl törətdilər. Onların törətdikləri bu qanlı cinayət Azərbaycan xalqının azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa öz dövlət müstəqilliyinə qovuşdu. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid oldu, 638 nəfər xəsarət aldı, 841 nəfər qanunsuz olaraq həbs olundu. İnsan hüquqlarına dair Beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyənnaməsinin tələbləri pozuldu.

Bakıda baş vermiş bu qanlı-qadalı 20 Yanvar hadisəsinə ilk etirazını bildirən Heydər Əliyev olaraq 1990-cu il yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib, doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirərək mətbuat konfransı keçirdi. O, bu vəhşiliyi kəskin şəkildə pisləyərək, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa qarşı zidd aksiya adlandırdı.

Ulu Öndərin mərdliyi və siyasi idarəsi sayəsində 20 Yanvar hadisəsi öz hüquqi və siyasi qiymətini almışdır. Buna 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı Milli Məclis səviyyəsində ilk hüquqi-siyası qiymət verildi. Bu qərarda deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçatmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsinə Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz cinayət kimi qiymətləndirilsin”.

20 Yanvar faciəsini Şəhidlər Xiyabanında hər il ziyarət edərək onların əziz xatirəsini dərin ehtiramla yad edərkən Ümummilli Liderimiz Heydər Əliyevin bu fikirləri xatırlanır: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanıdırlar, onlar millətimizin qəhrəmanıdırlar. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olmağı xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır.”

Azərbaycan dövləti və xalqı öz şəhidlərini unutmur. 20 Yanvar şəhid ailələri daim dövlətimizin diqqət mərkəzindədir. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı təsis edilib. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb.

Ulu Öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsini əziz tutaraq hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Eyni zamanda Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli «20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir.

YAP Səbail "Ü.Hacıbəyli-68" ƏPT-nın sədri, ADPU-nun dosenti S.Ş. Qurbanov

Bütün xəbərlər Facebook səhifəmizdə