“Hamı məni qıcıqlandırır” probleminin səbəbi NƏDİR? - PSİXOLOQ AÇIQLADI
“İnsanlar bəzən psixoloqa müraciət edir ki, bəs ətrafdakı insanlar mənə qıcıq verir. Ailədə, məktəbdə, universitetdə və s. dostlarım, övladlarım məni qıcıqlandırır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fatimə Bayramova deyib.
Fatimə Bayramova sözlərinə belə davam edib: “İlk əvvəl "yaş dövrü" önəmlidir, çünki hər bir yaş dövrünün psixikaya təsir etdiyi aspektləri var. Məsələn, yeniyetməlik dövrünə aid fizioloji dəyişmələrin yaratdığı "qıcıq". İnsan daxilən narahat olanda ətraf aləmlə daxili aləmi konflikt yaradır. Bu da qıcığa səbəb olur.
İkinci amil, "konkret şərait", adaptasiya dönəmi də ola bilər, doğuş sonrası qadınlarda da yarana bilər. Doğum sonrası yaranan bu amillər ilk növbədə fizioloji olur, sonra isə ətraf şəraitdən asılı olur. Yəni, ilk əvvəl hormonal dəyişikliyin yaratdığı vəziyyətdir, ikinci isə, ananın bu halını başa düşməyib, ona güzəştə getməyən ətrafdakıların yaratdığı şəraitdir”.
Fatimə Bayramova sözlərinə belə davam edib: “Üçüncü amil, "frusturasiya" halıdır. İnsan bəzən arzularının, xəyallarının tamam başqa istiqamətdə getdiyini planlayır, lakin işlər planladığı kimi reallaşmır. Bu zaman yaranan ümidsizlik və depressiv hal ətrafa və özünə qıcıq yarada bilər. Dördüncü hal kimi, deyərdim bir mənalı olaraq insanın öz şəxsiyyətindən, istiqamət və arzularından asılı olaraq ödəyə bilmədiyi "təlabatlar"dır. Təlabatların fəaliyyət prosesində icrası, insanın həm özünəgüvənini artırar, həm də şəxsiyyət kimi tam formalaşmasına təsir edər.
Təlabatların ödənilməsi sırf şəxsiyyətin arzu və meyillərini əhatə edir. Bu arzu və meyillər də bir sözlə şəxsiyyətin yön aldığı istiqamətdə də, yaş dövründən əsaslı şəkildə asılıdır. Hər yaş dövrünün fərqli istəkləri olur. İnsanları öyrəndiyimiz zaman onlara bir tərəfli yox, bu cür kompleks yanaşıb səbəblərini tapmaq lazımdır. Məsələn, çox zaman insan qıcıq olma səbəbini "uşaq səs küyündə" görür, amma əsil səbəb ailədə özünü dəyərsiz hiss etməyində olur. Bu gizli səbəblər aşkarlandıqdan sonra insana səbəbsiz kimi görünən qıcıqlar da aradan qalxar”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə