Xankəndi şəhərində keçirilən “Qış nağılı” yarmarkasına yüksək maraq var. Xüsusilə axşam saatlarında yarmarkada böyük izdiham yaşanır.
Yarmarkanın qonaqları eksklüziv suvenirlər, hədiyyələr əldə edə, münasib qiymətə Şərq, Qərb mətbəxinin unikal ləzzətli təamlarını dada bilər. Qonaqlar tematik guşələrə baş çəkə, soyuq qış günündə isti içkilərlə isinə, müxtəlif oyunlar oynaya, sevdikləri ilə birlikdə əsl Yeni il ab-havası yaşaya bilərlər.
Rəngarəng işıqlandırma, foto çəkdirmək üçün bir-birindən maraqlı stendlər, içərisində dadlı təamlar olan taxta evlər bu məkanı uşaqdan -böyüyə hər kəs üçün cəlbedici edir.
Ən böyük izdiham isə taxta evlərin önündə yaşanır. Kiminin əlində xırtıldayan kartof, kiminin əlində fərqli markalarda qəhvə fincanları, kimlərsə də qovrulmuş şabalıd və südlü qarğıdalı ilə yarmarkada xoş əhval yaşayır.
Bir sözlə, ”Qış nağılı” yarmarkasına maraq böyükdür. Əsasən də fast-food və qida məhsulları satılan piştaxtaların önündə növbə gözləyən onlarla alıcıya rast gəlmək mümkündür.
Qiymətlərə gəlincə, çay və qəhvələrin qiyməti 1-6 manat, şirniyyatlar 4-8 manat, yeməklər isə 5-12 manat təşkil edir.
Əgər yaxınlarınıza hədiyyə almağı düşünürsünüzsə, elə bu məkanda müxtəlif qiymətlərdə hədiyəlik suvenirlər də əldə edə bilərsiniz. Canlı musiqi, Şaxta baba və qar qız, o cümlədən digər bayram personajları da burda qonaqları qarşılayır.
Bütün xəbərlər Facebook səhifəmizdə