"Əlbəttə, həbslər xoş bir şey deyil. Adam arzu etmir ki, özəlliklə də bayram ərəfəsində kimsə həbs olunsun. Amma bəzi adamlar özlərini qanunun üstündə hesab edirlər və ona görə dövlət məcburiyyət qarşısında qalıb bu adamlarla qanun dilində danışmalı olur". Bu sözləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət bir sıra TikTok" istifadəçilərinin həbs olunması barədə danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda bu qədər maarifləndirmə işləri aparılır, çağırışlar edilir, sosial mediadan istifadənin qayda-qanunları haqqında danışılır, sosial mediadan istifadə edib cəmiyyətdə çaşqınlıq yaratmaq, milli əxlaqa zidd davranışları təbliğ etmək olmaz deyə nə qədər fikirlər səsləndirilir: "Hətta çəkindirmək üçün yumuşaq təsir imkanlarından istifadə edilir. Yəni, sərt tədbirlərə əl atılmır. Amma buna baxmayaraq bəzi adamlar islah olmur. Bu gün həbs edilən adamlar məhz islah olunmayan adamlardır. Yəni onlar normal çağırışlara, maarifləndirməyə boyun əymək istəməyən, cəmiyyətin əxlaqı ilə tərs düşən fəaliyyətlərə məsulkiyyətsizcəsinə üstünlük verən adamlardır. Ona görə də həbs edilirlər. Yoxsa Azərbaycanda sosial media istifadəçilərinə qarşı hər hansı bir problem yoxdur. Nə dövlət o işə qarışır, nə də ümumiyyətlə kimsə kiminsə işinə qarışır.
Normal qanun çərçivəsində məsuliyyətlə sosial mediadan, o cümlədən "TikTok"dan istifadə edən heçkimin heç bir problemi yoxdur, ola da bilməz. Sadəcə olaraq qanun çərçivəsindən kənara çıxanlara dövlət məcburiyyət qarşısında nəyisə qanun dili ilə xatırlatmaq məcburiyyətində qalır. Bax, bu saat baş verən o hadisələrdir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə