"Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasəti Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olmuşdur. Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” fikri azərbaycançılıq məfkurəsinə söykənərək, gənclərin milli dəyərlər əsasında formalaşmasının zəruriliyini vurğulamışdır. Onun yaratdığı bu ideologiya cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli deyib.
O bildirib ki, Prezident İlham Əliyev gəncləri Azərbaycanın gələcəyinin təminatçıları kimi qiymətləndirir və bu yöndə ardıcıl siyasət həyata keçirir: "Dövlət başçısı gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, onların həm yerli, həm də beynəlxalq arenada fəal iştirakı üçün şərait yaratmağa xüsusi diqqət ayırır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən hər il 2 fevral - Gənclər Günü münasibətilə istedadlı və fəal gənclər mükafatlandırılır. Bu, onların gördüyü işlərin dövlət səviyyəsində tanınması və gələcək fəaliyyətlər üçün motivasiya qaynağıdır.
Azərbaycan gənclərinin cəsarəti və vətənpərvərliyi Vətən müharibəsində bir daha parlaq şəkildə nümayiş olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun əsasını gənclər təşkil edirdi. Müharibə zamanı minlərlə gənc könüllü olaraq səfərbərlik idarələrinə müraciət etdi, bu isə onların vətənpərvərlik ruhunun və qələbəyə inamının təzahürü idi. Ordumuzun qazandığı qələbə həm Azərbaycan gəncliyinin gücünü, həm də dövlət başçısının gənclərə olan inamının doğruluğunu təsdiqlədi.
Prezident İlham Əliyev Şuşada hərbçilərlə görüşündə gənclərin müharibədəki rolunu xüsusi vurğulamış və demişdir: “Əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”. Bu sözlər gənclərə göstərilən etimadın, onların dövlət üçün əvəzolunmaz qüvvə olduğunu nümayiş etdirir".
Onun sözlərinə görə, ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransı zamanı Azərbaycan gənclərinin təşəbbüskarlıq və təşkilatçılıq bacarıqlarını bir daha sübut etdi: "Bu beynəlxalq tədbirdə gənclər həm təşkilatçı, həm də fəal iştirakçı kimi əhəmiyyətli rol oynadılar. Onların çevik fəaliyyəti, yüksək təşkilatçılıq qabiliyyəti və ölkəmizi layiqincə təmsil etməsi Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir. Bu uğurlar bir daha sübut edir ki, gənclər siyasəti ölkəmizin inkişafı üçün dayanıqlı əsaslardan biridir.
Azərbaycan gəncləri bu gün təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də müxtəlif sahələrdə böyük uğurlar qazanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin beynəlxalq layihələrdə iştirakı üçün yaradılan şərait, onların dünyanın hər yerində Azərbaycanı layiqincə təmsil etməsinə imkan yaradır. Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən müxtəlif gənclər təşkilatları onların şəxsi inkişafına və milli maraqlar uğrunda fəaliyyətlərinə dəstək göstərir.
Beləliklə, Prezident İlham Əliyevin gənclərə olan inamı və qayğısı Azərbaycan gəncliyinin daha böyük uğurlara imza atması üçün möhkəm bir zəmin yaradır. Gənclərimiz dövlət başçısının sözlərini həyat prinsipi kimi qəbul edərək, ölkəmizi daha da irəli aparmağa çalışırlar: “Gənclər, mən sizə inanıram, güvənirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə