Ölkəmizdə gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Nəinki Azərbaycanda, respublikamızdan kənarda da yaşayan, təhsil alan və hər hansı müəssisədə çalışan azərbaycanlı gənclər Azərbaycan Prezidenti İlham Əliyev siyasətinə, onun tələb və tövsiyələrinə həmişə sadiq və sədaqətli olmağa çalışırlar. SİA Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət, qayğı barədə Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları rəhbərlərinin fikirlərini öyrənib.
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin Milli Debat Proqramının rəhbəri Ərhun Baxış: "Azərbaycanın inkişaf strategiyasında gənclər siyasəti mühüm yer tutur. Ölkə Prezidenti cənab İlham Əliyev gənclərin bilik və bacarıqlarının artırılmasına, onların cəmiyyətin bütün sahələrində fəal iştirakına xüsusi diqqət yetirir. Onun rəhbərliyi ilə həyata keçirilən proqramlar gənclərin təhsil, məşğulluq, innovasiya və mədəniyyət sahələrində uğur qazanmasına şərait yaradır.
Cənab Prezident İlham Əliyevin gənclər siyasəti, həm qanunvericilik bazası, həm də konkret fəaliyyət proqramları vasitəsilə həyata keçirilir. 2005-ci ildə qəbul edilən “Gənclər siyasəti haqqında” qanun, bu sahədə strateji məqsədləri müəyyənləşdirərək gənclərin hüquqlarını qorumaq və onlara geniş imkanlar yaratmaq məqsədini daşıyır. Ölkədə aparılan təhsil siyasətinə nəzər yetirsən görərik ki, İlham Əliyev gənclərin təhsilinə böyük əhəmiyyət verir. “2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı” sayəsində minlərlə gənc dünyanın ən qabaqcıl universitetlərində təhsil almaq imkanı əldə edib. Bundan əlavə, ölkə daxilində təhsil infrastrukturunun yenilənməsi və rəqəmsal texnologiyaların tədrisə inteqrasiyası istiqamətində mühüm işlər görülüb. Paralel olaraq nəzər yetirsək görərik ki, ölkə başçısı gənclərin işlə təmin olunması və sahibkarlığa dəstək verilməsinə xüsusi diqqət ayırır. Startap mərkəzlərinin və inkubasiya layihələrinin yaradılması gənclərin innovativ ideyalarını həyata keçirməsinə imkan verir. Kənd yerlərində həyata keçirilən “Region Gənclərinin İnkişaf Proqramı” sosial bərabərliyin təminatında mühüm rol oynayır.
Cənab Prezident İlham Əliyev gənclərlə birbaşa ünsiyyətə və onların problemlərinin həllinə xüsusi diqqət ayırır. O, tez-tez gənclərlə keçirilən görüşlərdə iştirak edir, onların təşəbbüslərini dinləyir və dəstəkləyir. Prezidentin bu sahədəki fəaliyyəti onun yalnız siyasi lider deyil, həm də cəmiyyətin hər bir üzvünə qayğı göstərən humanist lider olduğunu nümayiş etdirir.
Onun rəhbərliyi ilə həyata keçirilən “Azərbaycan Gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində sosial həssas qruplara aid gənclərin ehtiyaclarının qarşılanması xüsusi diqqət mərkəzində saxlanılmışdır. Əlilliyi olan, valideyn himayəsindən məhrum olan və ya çətin həyat şəraitində yaşayan gənclərə dəstək verilməsi bu proqramın əsas məqsədlərindən biri olmuşdur.
Möhtərəm Prezident İlham Əliyevin gənclər siyasəti yalnız strateji bir yanaşma deyil, həm də Azərbaycan gənclərinə göstərilən dərin qayğının təzahürüdür. Təhsil, məşğulluq və sosial dəstək sahələrində həyata keçirilən layihələr gənclərin rifahını artırmaqla yanaşı, onların öz potensiallarını reallaşdırmasına şərait yaradır.
Azərbaycan gəncləri bu gün həm ölkə daxilində, həm də beynəlxalq arenada böyük uğurlar qazanırlar. Bu uğurlar ölkə başçısının gənclərə göstərdiyi qayğının və onların gələcəyinə yönəlmiş uzaqgörən siyasətinin nəticəsidir".
“Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova: "Bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun elmin, təhsilin inkişafına, ölkəmizin siyasi-iqtisadi yüksəlişinə, gənclərə olan diqqəti və qayğısını dərin ehtiram hissi ilə xatırlayır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi oluruq.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə böyük işlər görülür.
Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə Prezident yanında Gənclər Fondu yaradılıb. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, sağlam həyat tərzinin təbliği, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsidir".
“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı Ələkbərli: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə gənclərə göstərilən xüsusi diqqət və qayğı siyasəti ilə tanınır. Bu siyasət, Azərbaycanın inkişaf strategiyasının mühüm tərkib hissəsi olaraq, gənclərin hərtərəfli inkişafını təmin etmək və onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə şərait yaratmağı hədəfləyir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və proqramlar gənclərin təhsil, idman, mədəniyyət, elm və texnologiya sahələrində fəaliyyət göstərmələrinə geniş imkanlar yaradır. Xüsusilə, “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələr gənclərin bilik və bacarıqlarının artırılmasına, onların özlərini cəmiyyətdə ifadə etmələrinə şərait yaratmışdır.
Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət gənclərin fiziki və mənəvi inkişafına mühüm töhfə verir. Bu gün Azərbaycan, beynəlxalq idman yarışlarının keçirildiyi bir mərkəzə çevrilmişdir və bu tədbirlərdə Azərbaycan gəncləri uğurla iştirak edərək ölkəmizi layiqincə təmsil edirlər.
Prezident İlham Əliyev gənclərə güvəndiyini onların dövlət idarəetməsində aktiv iştirakını təmin etməklə nümayiş etdirir. Gənc liderlərin yetişdirilməsi, onların müxtəlif yüksək vəzifələrə təyin edilməsi gənclər siyasətinin effektivliyini təsdiqləyir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi qayğı, onların ölkənin gələcəyində mühüm rol oynayacağına olan inamın ifadəsidir. Bu siyasət yalnız bu gün üçün deyil, eyni zamanda gələcək nəsillərin rifahı üçün nəzərdə tutulmuş uzunmüddətli bir yanaşmadır".
Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) ictimaiyyətlə əlaqələr üzrə meneceri Nahid Xəlilov: "Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin təzahürüdür ki, bu gün müasir Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində qlobal miqyasda uğurlar əldə edir. Onlar milli dəyərlərə sadiq qalaraq innovativ düşüncə və kreativ təşəbbüslərlə cəmiyyətin inkişafına müstəsna töhfələr verirlər.
Cənab Prezident İham Əliyevin gənclərə olan dəstəyinin mühüm istiqamətlərindən biri də onların xaricdə təhsil almaları üçün yaradılan şəraitdir. Hər il onlarla gənc “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”vasitəsilə dünyanın nüfuzlu universitetlərində oxumaq imkanı əldə edir. Bu təcrübə onlara yeni biliklər qazanmaqla yanaşı, fərqli mədəniyyətləri tanımaq və qlobal düşüncə tərzi formalaşdırmaq imkanı verir. Xaricdə təhsil almış gənclər Vətənə qayıtdıqda əldə etdikləri bilik və bacarıqları ölkənin inkişafına yönəldərək, müxtəlif sahələrdə yeniliklərə imza atırlar".
Sosial İnkişafa Yardım İctimai Birliyinin İcraçı Direktoru Zakir Quliyev: "Müstəqil Azərbaycanın inkişafında gənclər siyasəti mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərərək, onların potensialının üzə çıxarılması və cəmiyyətin fəal üzvlərinə çevrilməsi üçün ardıcıl tədbirlər həyata keçirir.
Bu gün gənclərin inkişafı üçün ölkəmizdə geniş imkanlar yaradılıb. Müasir təhsil müəssisələrinin fəaliyyətə başlaması, yeni idman komplekslərinin və gənclər mərkəzlərinin tikilməsi, müxtəlif dövlət proqramlarının həyata keçirilməsi bu diqqətin əyani nümunələridir. Xüsusilə, “Azərbaycan Gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı gənclərin məşğulluq problemlərinin həlli, innovativ ideyalarının dəstəklənməsi və beynəlxalq tədbirlərdə fəal iştirakına böyük töhfə verib.
Prezident İlham Əliyev gənclərin milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda müasir dünyagörüşünə malik olmasının vacibliyini dəfələrlə vurğulayıb. Gənclərin həm təhsildə, həm idmanda, həm də ictimai fəaliyyətdə qazandıqları uğurlar dövlətin bu istiqamətdə apardığı ardıcıl siyasətin nəticəsidir.
Ölkəmizdə könüllülük hərəkatının genişlənməsi də dövlət başçısının təşəbbüsləri ilə sıx bağlıdır. Bu hərəkat gənclər arasında həmrəyliyin güclənməsinə və onların ictimai həyatdakı iştirakının artmasına şərait yaradır.
Gənclərə göstərilən bu diqqət onların yalnız şəxsi inkişafına deyil, eyni zamanda Azərbaycanın dayanıqlı inkişafına xidmət edir. Belə yanaşma sağlam, vətənpərvər və intellektual gənclər nəslinin formalaşmasına imkan verir ki, bu da ölkəmizin gələcək inkişafının əsas təminatıdır.
Bu baxımdan, Prezident İlham Əliyevin gənclər siyasəti hər bir gəncin öz potensialını reallaşdırması üçün geniş imkanlar açır və onları gələcəkdə ölkəmizin inkişafında mühüm rol oynamağa təşviq edir".
"Gənclər Mərkəzi" İctimai Birliyinin sədri Kənan Qubadzadə: "Ölkəmizdə gənclər siyasəti çox uğurla icra olunur. Cənab Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra bu siyasət geniş vüsət alıb. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət Gənclər siyasəti Azərbaycanda çox uğurla icra edilir. Çünki dövlət başçısının gənclərə və gənclər siyasətinə xüsusi diqqət və qayğısı var. Buna bir neçə nümunə göstərilə bilər. Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və digər qurumlarda Gəclər Təşkilatları üçün Qrant müsabiqələrinin elan olunması, Gənclər Fondunun Qrant müsabiqəsi çərçivəsində fərdi şəxslərə qrant verməsi dövlət başçısının Gənclər siyasətinə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Ölkəmizdə bütün qurumlarda gənclərin işlə təmin olunması onların işsizlik probleminin aradan qaldırılmasına gətirib çıxarır. Hər il müxtəlif ölkələrdə təşkil olunan beynəlxalq forumlar, festivallar və proqramlarda azərbaycanlı gənclərin iştirakı üçün geniş imkanlar yaradılır. Bütün bunlar dövlətin gənclərə yönəlmiş siyasətinin səmərəli şəkildə həyata keçirildiyini göstərir və gənclərin inkişafı üçün yaradılmış şəraitin bariz nümunəsidir. Bu siyasət Azərbaycan gənclərinin potensialını tam şəkildə reallaşdırmağa, onların dövlətin tərəqqisində fəal iştirakına xidmət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə