"Orta ümumtəhsil məktəblərində hər 1000 şagird sayına 1 psixoloq ştatı ayrılıb". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.
O bildirib ki, təbii ki, 1000 şagirdin hər biri psixoloji söhbətdən yararlanmır: "Buna bir neçə müxtəlif səbəblər aid ola bilər. Səbəblərdən biri odur ki, hələ də psixoloji söhbəti anormal, ayıb bir proses kimi fərz edən şagirdlər var. Mən 2 orta ümumtəhsil məktəbdə pedaqoji təcrübədə olmuşam. Mənim az öncə qeyd etdiyim səbəbi həmin məktəblərdəki psixoloqlar da təsdiqlədi. Dedilər ki, elə şagirdlər var ki, onlarla nəinki psixoloji söhbət aparmaq, hətta onlara yaxınlaşa bilmirik. Bəzi hallarda valideynlər bizi danlayaraq "mənim övladım dəlidir ki, ona yaxınlaşırsınız?" deyərək psixoloqun fəaliyyətini çərçivəyə salırlar.
İlk olaraq deyim ki, məktəb psixoloqu patalogiyalarla çalışmır. Müəllim-Şagird münasibətləri, şagirdlərin təlim tərbiyəsindəki çətinliklər, şagirdlərin intellektual çətinlikləri, ünsiyyət problemləri, assosiallıq və s.kimi işlər məktəb psixoloqunun vəzifəsinə aiddir.
Məktəb psixoloqunun şagirdlərə yetərincə dəstək ola bilməməsinin ikinci səbəbi onlara dərs yükü verilməsə də, verilən yazı pozu işlərinin onların bir xeyli zamanını almasıdır. Daha bir səbəb şagirdlərin problemləri haqda digər müəllim kollektivində anonim məlumatların paylaşılmasıdır. Məktəb psixoloqu bu etik prinsipi pozduğu zaman təbii ki, şagirdlərdə ona qarşı inam formalaşmayacaqdır. Belə bir deyim var, inam görülən işin yarısıdır. İnam olmadığı mühitdə hər hansısa bir işin keyfiyyətindən söhbət gedə bilməz. Psixoloqların kəmiyyət yoxsa, keyfiyyət rolunu oynamaları onların vəzifələrinin öhdəsindən necə gəlmələrindən asılıdır.
Psixoloqun vəzifələri haqqında çox yaxşı olardı ki məktəblərdə maarifləndirmə işləri aparılsın. Hətta müəllimlər də psixoloqlarla fikir mübadiləsi aparsala,r şagirdlər üçün də bu proses normallaşar. Şagirdlər gərginliklərindən qurtulmaq istəsələr, məktəb psixoloqu onlara dəstək olmağı da bacaracaq. Sadəcə bunun üçün az öncə qeyd etdiyim şəraitin yaradılmasına diqqət edilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə