Gəncədə iqlim dəyişikliyinin təsirinin azaldılması ilə bağlı təlim keçirilib

Gəncədə “Davamlı ətraf mühit, dolanışıq və yaşıl iqtisadiyyat üçün sıfır tullantı” mövzusunda təlim keçirilib.

SİA-nın məlumatına görə, təlim SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyasının, Ətraf Mühit və Sosial İnkişaf Təşkilatının (Banqladeş) birgə icra etdiyi “İqlim dəyişmələrinin uşaqlara təsiri” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində reallaşıb. Universitetin professor-müəllim heyəti, tələbələri, Gəncə Şəhər İcra Hakimiyyətinin, bələdiyyə qurumlarının, Gəncə KOB İnkişaf Mərkəzinin nümayəndələri, sahibkarlardan ibarət 100-ə yaxın iştirakçı ekoloq və sıfır tullantı üzrə beynəlxalq ekspert Şəhriyar Hüseyn tərəfindən mövzu ilə bağlı maarifləndirilib.

Təlimdə sıfır tullantının ətraf mühitin mühafizəsi, dayanıqlı dolanışıq vasitələrinin təmin olunması və yaşıl iqtisadiyyata keçid üçün bir alət kimi əhəmiyyəti geniş izah edilib. İştirakçılar sıfır tullantı prinsipləri, onların gündəlik fəaliyyət, müvafiq sənədlərin hazırlanması zamanı və biznes strategiyalarında tətbiqi ilə bağlı praktiki biliklərlə təmin ediliblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi çərçivəsində həyata keçirilən layihənin məqsədi iqlim dəyişikliyinin təsirinin azaldılması prosesinə töhfə verməkdir. Layihə çərçivəsində ağacəkmə aksiyaları, iməciliklərin təşkili də nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə