Bir neçə gündən sonra artıq qış aylarına keçid edəcəyik. Payız mövsümündə havalar normal keçsə də, günü0gündən qışın gəlişini daha çox hiss edirik. Belə olan təqdirdə respublikamızda aidiyyəti qurumların qış aylarında əhalinin qarşılaşdığı problemləri həll etmək və ya qabaqlayıcı tədbirlər görmək məqsədilə hansı addımları atdığı maraq doğurur. SİA olaraq “qışa hazırsınızmı?” sualı ilə yerli qurumlara müraciət etdik.

"Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev: "SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi hər il olduğu kimi, bu il də may ayından başlayaraq payız-qış mövsümünə hazırlıq prosesini həyata keçirib. Bu hazırlıq prosesində yeraltı xətlərin yerüstü dayaqlar üzərinə qaldırılması, korroziyaya uğramış hissələrin yeniləri ilə əvəz olunması, yeni qaz xətlərinin çəkilməsi, boya işlərinin aparılması və s. işləri icra olunur ki, soyuq havaların keçdiyi aylarda abonentlərə təhlükəsiz və davamlı qazın verilişini təmin edə bilək. Bu il də analoji proses gedib. Xeyli sayda yeni xətlər çəkilib. Qeyd edim ki, topdansatışla bağlı heç bir problemimiz yoxdur. Yəni, havalar nə qədər sərt keçərsə-keçsin abonentlərin lazımi təzyiqdə qazla təmin etmək imkanımız var. Əminliklə deyə bilərəm ki, "Azəriqaz" İstehsalat Birıiyi ötən illərlə müqayisədə bu il qışa daha yüksək səviyyədə hazırdır. Amma fors-major hallar mütləq nəzərə alınmalıdır. Çünki bizim fəaliyyətimizdən asılı olmayaraq təbii fəlakətlərin, hava şəraitinin nəticəsində hər hansı problemlər ortaya çıxa bilər. Bundan əlavə bizim boru xətlərinə müəyyən zərərlər dəyə bilir. Lakin "Azəriqaz" İB-nin işçiləri qış aylarında xüsusi rejimdə çalışırlar. Əməkdaşlarımız qış mövsümündə də gücləndirilmiş iş rejimində çalışırlar. Çağrı mərkəzimiz 24 saat əhalinin zənglərinə operativ qaydada cavab verir və problemin qısa zamanda həll olunması üçün zəruri addımlar atır. Güman edirəm ki, bu il daha yaxşı fəaliyyət göstərəcəyimizi öz əməli fəaliyyətimizlə sübut edə biləcəyik".

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı sözlərinə görə, qurumun bütün texniki qurğuları əhalini içməli su ilə təmin etmək üçün hazır vəziyyətdədir: "Sentyabr ayından başlayaraq qışa hazırlıqla bağlı işlərimiz davam edir. Həm içməli su, həm də kanalizasiya infrastrukturunda monitorinq işləri aparırıq. Təmirə ehtiyacı olan hidrotexniki qurğularda işlər görürük. Eyni zamanda, payız-qış mövsümündə ən çox müşahidə olunan problemlər yağıntıların çox olması və şaxtalı hava şəraiti ilə bağlı olur. Ona görə həmin dövrlərə hazırlaşmaq üçün kanalizasiya kollektorlarının, baxış quyularının yuyulub təmizlənməsi işləri həyata keçirilir. Həmçinin, nasoslar işlək vəziyyətə gətirilir. Payız-qış mövsümündə ən çox gördüyümüz işlərdən biri su anbarlarının yuyulub təmizlənməsidir. Yay aylarında suya tələbatın kəskin olduğu dövrlərdə bu anbarların yuyulması işlərini həyata keçirmirik. Təsdiqlənmiş praktikaya uyğun olaraq bu ilin dekabr ayının ortalarına qədər artıq bütün anbarlar yuyulmuş olacaq. Ümumiyyətlə, su və kanalizasiya sistemləri payız-qış mövsümünə demək olar ki, hazırdır. Həm şaxtalı, həm də yağışlı günlərdə hidrotexniki qurğular, nasos stansiyaları pik rejimdə çalışmağa hazır vəziyyətdədir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə