Azərbaycanda uşaq intiharlarının sayının çoxalmasına səbəb NƏDİR? - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Son zamanlar artıq kütləvi surətdə uşaqların intihara cəhd etmə halları müşahidə olunur. Son bir ayda Xırdalanda baş verən yeniyetmələrin intiharı SOS siqnalının çalınmasını göstərir. Çünki uşaqlarımızda emosional sferanın pozulması, eyni zamanda "nə etdim?" sualına cavab tapmadıqları halda intihara doğru addımların atılması halları baş verir. Təbiidir ki, ailədaxili münaqişələr, hislərin arxasınca gedib yaşadıqları hər hansı bir fəlakət onları intihara doğru aparır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Psixoloq xatırladıb ki, bu yaxınlarda bir gənc qız intihar etdi: "O, hətta arzu edib ki, şəhid nişanlısının yanında dəfn olunsun. Əslində, biz ona bəraət qazandıraraq təntənəli surətdə təqdimatında sanki cəmiyyətə intiharı yaxşı bir şey kimi satmış oluruq. Təbii ki, biz qınamalı olduğumuzu demirik. Amma həmin məqamlarda bir qədər diqqətli olmalıyıq. İnsanın qarşısına hər cür maneələr çıxa bilər. Mübariz olan insan o maneələrə qalib gəldikdə "Uğurlu insan kimdir?" sualına rahatlıqla cavab verə bilir. Biz bu tip uğurlu insanları gündəmə gətirməliyik. Onun maneələr qarşısında hansı addımları ataraq ölümə qalib gəldiyini qabartmalıyıq. Bunun üçün məktəblərdə praktik psixoloqların yüksək səviyyədə fəaliyyəti təmin olunmalıdır".

A.Ələkbərova sözlərinə davam edərək bildirib ki, ətrafı özünə cəlb etmək istəyi, özünəqapanıqlıq və s. uşaqları intihara sürükləyə bilir: "Eyni zamanda, yeniyetmələr valideynlə effektiv ünsiyyət qura bilmədikləri halda dərk etmədikləri bir şeyin arxasınca gedirlər. Onlar intiharın nə olduğunu dərk etmirlər. Heç onu belə düşünə bilmirlər ki, onlar öldükdən sonra nə olacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə