İmtahan stresindən qurtulmaq üçün nə etməliyik? - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

"Təbii haldır ki, həyatımızın müəyyən dönəmlərində çətinliklərlə üzləşib neqativ hadisə olacağını düşünərək stress keçiririk. Bu periodlardan biri də imtahan dönəmidir. Hansı ki, müxtəlif yaşlarda imtahanlar veririk və bəzən çox uzun illər imtahan verməyə davam edirik. Hansı səbəbdən olmağından asılı olmayaraq uzunmüddətli stress fiziki və zehni sağlamlıqla bağlı problemlərin yaranmasına səbəb ola, öyrənmə və davranışa mənfi təsir göstərə bilir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gövhər Məmmədova deyib.

Onun sözlərinə görə, imtahanöncəsi insanlar imtahan və imtahandan sonrakı dövrü düşünərək təşvişə qapılırlar, yəni imtahanda bildiklərini unuda biləcəklərini, heçnə yaza bilməyəcəklərini, vaxtı düzgün idarə edə bilməyəcəklərini yaxud imtahan bitdikdən sonra necə olacağını, insanlar soruşduqda nə cavab verəcəyini və s. düşünərək stress üçün yetəri qədər münasib zəmin yaradır: "Bəs necə etməliyik ki, bu hallar yaşanmasın? İmtahan stresini azaltmağın yollarından biri, imtahanın bitməsindən 1 saat keçdiyini təsəvvür etməkdir, sanki imtahan uğurlu keçib və belə olduqda siz hardasınız? Yanınızda kim var? Nə hiss edirsiz? Bu sualları düşünüb xəyal etmək müəyyən qədər təşvişinizi azaldacaqdır. Daha sonra isə nəfəs hərəkətləri edə bilərsiniz, artıq düşüncələr sizi boğmağa başladıqda nəfəs texnikasından istifadə edərək, diafraqma ilə nəfəs alaraq rahatlaya bilərsiniz. Əlavə olaraq deyə bilərəm ki, ən effektiv üsullardan biri özünü psixolog kimi yoxlamaqdır. Yəni əgər başqa biri sizinlə danışmaq istəyib imtahana görə stress keçirdiyini, qorxduğunu, narahat olduğunu deyərsə, nə edərdin, hansı məsləhəti verərdin? Bunu düşünmək özünü kənardan necə göründüyünü anlamağa, öz daxili sakitliyini qorumağa kömək edəcəkdir. Əgər streslə baş etmək artıq sizə əziyyət verirsə professional dəstək ala bilərsiniz".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə