Azərbaycanda transgenderlərin sayı niyə artıb? - ARAŞDIRMA

Son illər nəinki dünyada, eləcə də bizim ölkədə homoseksualların, o cümlədən, transların sayı artıb. Uzun illər boyu kölgədə qalmış geylər, lesbiyanlar, biseksuallar, transeksuallar və digər cinsi azlıqlar bu gün qabaqcıl Qərb ölkələrində az qala gücə çevirilirlər.

Yaxın Şərqdə, Afrikada qeyri-ənənəvi cinsi orientasiya nümayəndələrini daşqalaq etdikləri, odda yandırdıqları halda Avropa və Amerikada onların hüquqlarının qorunması üçün yeni-yeni qanunlar qəbul edilir.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Homoseksuallıq təbiətin bir qanunudur...

Homoseksuallıq eynicinslilər arasında yaşanan romantika, eşq və ya cinsi əlaqədir. Homoseksuallıq geniş mənada insanın mövcud olan seksual növlərindən(orientasiya) biri olub, özündə homoseksual orientasiya (öz cinsinden olanlara seksual meyl), homoseksual identiklik (özünü homoseksual orientasiyalı biri kimi dərk etmə) və homoseksual davranışı (öz cinsindən olanlarla seksual təcrübə) birləşdirir.

Bir çox insan homoseksuallığın qərbin bir oyunu olduğunu və yalnız son vaxtlarda yarandığını deyir. Bu isə səhvdir. Homoseksuallığın tarixi əslində çox qədimə dayanır. Pompey dönəmində, həmçinin yunan miflərində, Misir tarixində də buna rast gələ bilərik. Günümüzdə Homoseksuallığın psixoloji bir problem olmadığı da və bunun sonradan verilmə ya da qəbul edilə biləcək bir şey olmadığı da sübut olunub.

Homoseksuallıq xəstəlikdirmi?

Hazırda xəstəliklərin adlandırılması, təyini Xəstəliklərin Beynəlxalq Təsnifatına (XBT-10) əsasən müəyyən edilir. Homoseksualizm 17 may 1990-cı ildə Ümumdünya Səhiyyə Toplantısında Xəstəliklərin Beynəlxalq Təsnifatından çıxarılmışdır. Homoseksuallıq təbiətin bir qanunudur.

Hətta bir çox məsələlərdə demokratik ölkələrlə razılığa gəlməyən Çində də homoseksualizm 2001-ci ildə Çin Psixiatrlar Cəmiyyəti tərəfindən aparılan 5 illik tədqiqatdan sonra "Ruhi Xəstəliklərin Çin Təsnifatı"ndan silinmişdir. Homoseksuallığın yaranması ilə əlaqədar müxtəlif fikirlər irəli sürülsə də, onların heç biri konkret olaraq sübuta yetirilməyib. Niderland beyin institutunun direktoru, neyrobioloq Dik Svaab hesab edir ki, homoseksual olub-olmamaq insan hələ doğulmamışdan əvvəl müəyyənləşir. Amerika Pediatriya Akademiyası 2004-cü ildə bəyan etdi : " Böyük ehtimalla , seksual orientasiya konkret bir faktorla deyil , genetik, hormonal və mühitin təsiri ilə müəyyənləşir ". Kral Psixiatriya Kollegiyası (Böyük Britaniyanın əsas professional psixiatrlar assosiasiyası) 2007-ci ildə bəyan etdi : "Təxminən bir əsrlik psixoanalitik və psixoloji spekulyasiyaya baxmayaraq, şəxsin homoseksual yaxud heteroseksual olmasında tərbiyənin xarakteri və erkən uşaqlıq təcrübəsinin hər hansı rolunu göstərən heç bir dəlil yoxdur.Görünür ki, seksual orientasiya bioloji təbiətli olub, genetik faktorların və erkən bətndaxili mühitin mürəkkəb qarşılıqlı təsiri ilə əvvəlcədən müəyyən olunur. Buna görə də cinsi orientasiya şəxsin özü tərəfindən seçilmir."

Transgender kimlərdir? Bu necə olur?

Androloq həkim Azər Mirzəyev: “Son zamanlarda qız olmağa meyilli kişilərin, yeniyetmələrin sayı artıb. Son vaxtlar kişilərin cılızlaşmaşını müşahidə edirik. Gənc oğlanlarda bəzən qız olmağa həvəs, qız olmaq üçün müəyyən çabalar görürük. Doğularkən öz cinsi ilə sonradan razılaşmayan insanlara – transgender deyilir. Transgenderlərin seksual orientasiyaları müxtəlif ola bilər. Yəni, onlar homoseksual, heteroseksual, biseksual və aseksual olaraq ayrılır. Onların yaranmasında iki əsas məsələ var. Bioloji və ya psixoloji səbəblərdən yarana bilərlər. Bioloji məsələ ondan ibarətdir ki, onlar anadan olduqda beyin yarımkürələrində bəzi adacıqlarda müəyyən dəyişikliklər baş verir. Bu da gələcəkdə onların qızlaşmağa meylinin artması ilə müşahidə olunur. Digər məsələ psixoloji səbəblərdir. Psixoloji olaraq kişilərin qız olmağa meyilli olmasına ilk növbədə onların həyat tərzi, hansı ailədə yetişməsi, ətraf-mühit, sosial şəbəkələr təsir göstərir. Bu təsir həmin insanların gələcəkdə öz orientasiyalarını dəyişməsinə gətirib çıxara bilər. Cinsini dəyişmək istəyən insanlar çox vaxt cərrahi və hormonal üsula əl atırlar. Maraqlıdır ki, bu sahədə lider ölkələr arasında İran və Tayland birinci yer tutur”.

İslam dinində homoseksuallığa qarşı münasibət

“Quran”da öz cinsindən olan biri ilə əlaqəyə girdiyinə görə və müxtəlif günahlar səbəbiylə Allahın qəzəbinə tuş gəlib məhv edilən Lut qövmündən bəhs edilir.

Homoseksuallıqla məşğul olmaq İslam dini baxımından qadağandır. Belə ki, Qurani-Kərimdə Lut peyğəmbərin (ə. s.) xalqının homoseksuallıqla məşğul olduğu bildirilib və bu, iyrənc bir iş adlandırılıb (Əraf, 7/80-81). Lut peyğəmbər uzun müddət öz camaatını belə bir iyrənc əməllə məşğul olmamağa çağırsa da, onlar onun sözünə qulaq asmayıb işlərinə davam ediblər. Belə olduqda Allah Təala onların üstünə daş yağdıraraq yaşadıqları şəhəri alt-üst edib (Hud, 11/82).

Homoseksuallara cəza və işgəncə tətbiq edən ölkələr

Avropa və digər ölkələr homoseksualların hüquqlarını tanısalar da, onlara işgəncə və cəza tətbiq edən, hətta ölüm qərarı verən ölkələr də var.

Bu sırada ilk gələn ölkələrdən biri Malayziyadır. Bu ölkədə homoseksualların evliliyinə və münasibətdə olmasına ölüm cəzası verilir.

Birləşmiş Ərəb Əmirlikləri də bu qrup olan insanlara ölüm və ya ömürlük cəzası verir.

Sudanda isə bu cür hal aşkarlanarsa, münasibət quran şəxslərdən birini digərinin gözü qabağında işgəncə ilə öldürür, daha sonra isə digərini edam edirlər. Bu ölkədə kişinin hansı səbəb olursa olsun, qadın paltarı geyinməsinə icazə verilmir.

Barbadosda qaydalar daha sərtdir. Homoseksualların ölkəyə gəlişi də qətiyyətlə qadağandır.

Azərbaycanda vəziyyət necədir?

Cinsi azlıqların sayı barəsində aparılan çoxsaylı araşdırmalar sübut edir ki, liberal, yaxud konservativ olmasından, iqtisadi göstəricilərindən və rifah səviyyəsindən asılı olmayaraq istənilən dünya ölkəsində adi halda 5-10% əhali gizli, ya açıq cinsi azlıq nümayəndəsidir. Ölkələr üzrə homoseksualların dəqiq siyahıyaalınması həyata keçirilmədiyindən dünyada onların dəqiq sayı barədə məlumat mövcud deyil. Azərbaycanda da onların sayı barədə konkret rəqəm yoxdur.

Amma homoseksualların sayının getdikcə artmaqda olduğu gözlə görünəndir. Əvvəllər mühafizəkarlıqla qarşılaşan cinsi azlıqlar bu gün açıq-aşkarcasına, bər-bəzəkdə ictimai yerlərdə, küçələrdə gəzişə bilirlər. Cəmiyyətimizdə onlara tolerant yanaşmaqla bağlı təbliğat da aparılır.

Təbii ki, bu əsasən paytaxt Bakıya aiddir. Rayon və bölgələrdə də cinsi azlıqların olması danılmaz faktdır. Lakin bölgələrdə bu məsələ daha çox gizlədilməyə çalışılır və bu cür şəxslərin rayon və ya kənddə yaşaması çox təhlükəli olur, cəmiyyətin qınağı onları başqa yerlərdə yaşamağa məcbur edir.

Azərbaycanda homoseksual təşkilatı və jurnalı...

Azərbaycanda bir neçə LGBT təşkilatı fəaliyyət göstərir.

2012-ci ilin fevral ayında Vüqar Adıgözəlov “Azad LGBT” təşkilatını yaradıb. Təşkilatın rəhbəri 2013-cü ildən İsa şahmarlı, onun ölümündən sonra isə Lalə Mahmudova olub.

2012-ci ilin dekabrında Cavid Nəbiyev “Nəfəs LGBT Alyansı”nı qurdu. Növbəti il 2013-cü il, oktyabrında Gülarə Əzimzadə isə “Peace for LGBT” təşkilatını yaratdı.

Qeyd edək ki, ölkəmizdə “Minority” adlı LGBT jurnalı da dərc edilir. Jurnal seksual azlıqlarla Azərbaycan ictimaiyyəti arasında yaranacaq anlaşılmazlıqları aradan qaldırmaq məqsədilə nəşrə buraxılıb. Jurnalın təsisçi və baş redaktor Səməd İsmayılzadədir.

Son zamanlarda Azərbaycanda transgenderlərin sayı artıb. Buna səbəb nədir? Ümumiyyətlə, cəmiyyətdə mövcud olan cinsi azlıqlara necə yanaşmalıyıq?

AMEA-nın Qadınlar Şurasının, Gender və İnsan Hüquqları Araşdırma Birliyinin sədri, professor Rəna Mirzəzadə: “Ümumiyyətlə, dünyada yalnız iki cins mövcud deyil. Generologiya elmində 6 cins olduğu bildirilir. Bioloji cəhətdən əksiklikləri olan cinslər var. Bəziləri kişi doğulur, amma özünü qadın kimi hesab edir, onda bu cinsin əlamətləri olur və ya əksinə. Bu tip insanlar yarımçıq cinsin nümayəndələri sayılır. Yarımçıq cinslərdə müəyyən cinsin xarakteri özünü büruzə verir. Dünya yaranandan etibarən yarımçıq cinsin nümayəndələri olub. Vaxtilə onların əksər hissəsi özlərini gizlədiblər. Hətta tarixdə böyük şəxsiyyətlər var ki, onlar da bu cinsin nümayəndəsi olub. Avropada, Qərb, hətta Şərq dünyasında da bu məsələ həmişə açıq olub. Sadəcə biz qapalı sistemdə yaşadığımız üçün bu tip mövzular qadağan idi. Bunlar haqqında danışmırdıq. Həmin cinsin nümayəndələri də sakit, qayda-qanuna uyğun şəkildə özünü aparırdı. Onları cəmiyyət yox, sistem bu cür tərbiyələndirmişdi. Mövcud sistem elə tərbiyələndirmişdi ki, onlar bu məsələni özünə ayıb bilirdi. Ancaq digər ölkələrdə bu cinsin nümayəndələri həmişə özlərini normal aparıb və yaranışdan yarımçıq cinslərə aid olduğunu müdafiə edib. İnsanlar da onlara adi qaydada yanaşıblar. Amma bizə indi qəribə gəlir ki, onlar niyə bunu açıq-aşkar ifadə edirlər. Biz dünyaya inteqrasiya etdikcə həmin cinsin nümayəndələri də anladılar ki, onların da yaşamaq, evlənmək, övladlıq götürmək hüququ var. Ona görə də onlar artıq gizlənmədilər. Əslində, yarımçıq cinsin nümayəndələri həmişə olublar. Sadəcə özlərini büruzə vermirdilər. İnternetin inkişafı, qapalı rejimdən açığa keçid və s. onlara imkan yaratdı ki, hamı kimi öz həyatlarını açıq-aşkar şəkildə yaşasınlar.

Mən o cinsin nümayəndələrinə gülməyin, onlara qarşı çıxmağın da əleyhinəyəm. O da insandır. Tanrı onu belə yaradıb. Onun heç bir günahı yoxdur. Öz cinsini sonradan hər hansı bir səbəblərə görə dəyişənlər isə günahkardır. Həmin insanlar tanrının əleyhinə çıxır. Kişisənsə kişi, qadınsansa qadın kimi yaşa. Niyə cinsini dəyişirsən ki?! Bu nə deməkdir axı?! Amma bir insan təbiətən yarımçıq cinsdə doğulubsa, onun edə biləcəyi heç bir şey yoxdur. Onlar da getdikcə cəmiyyətə adaptasiya olacaq. İndi onlar üçün də, cəmiyyətimiz üçün də keçid dövrüdür. Mən demirəm ki, onlar üçün qanunlar qəbul edək. Lakin onlara insani surətdə mədəni və normal şəkildə yanaşmaq lazımdır”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə