Azyaşlılar narkomaniya bəlasına necə düçar olurlar? - AYDINLIQ GƏTİRİLDİ

“Azyaşlı uşaqların narkotikə qurşanmasının müxtəlif səbəbləri ola bilər. Bəzən yeniyetməliyini çətin keçirən uşaqlar ailədə də kifayət qədər dəstək görmədikdə müəyyən qruplara cəlb olunurlar”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, onlar bəzən problemlərdən qaçmaq, bəzən bahalı həyat yaşamaq, bəzən də özlərini başqa uşaqlarla müqayisə edərək narkomaniyaya qurşanırlar: “Eyni zamanda, düşdükləri mühit də onları pis yola çəkə bilir. Həmin “dostlar” ilə birlikdə narkotik istifadəsinə başlayırlar. Sonradan isə iradələrinə güc gələ bilməyib narkotik istifadəsinə davam edirlər. Amma əlbəttə ki, hər şey ailədən başlayır. Ailədə bu barədə düzgün təbliğat aparılmalıdır. Həmçinin, məktəblərdə də psixoloqlar bu məsələ ətrafında davamlı olaraq söhbətlər aparmalıdır.

Ümumiyyətlə, narkotikə qurşanma daha çox yeniyetməlik dövrünə təsadüf edir. Ona görə də yeniyetməlik dönəmini çətin keçirən uşaqları müşahidə etmək, onlara daha çox diqqət ayırmaq lazımdır ki, narkotikə həvəsi artmasın. Hətta həvəsi varsa da, onları günahlandırmaq, təcrid etmək olmaz. Maksimum dərəcədə birləşib onlara yardım etmək lazımdır. Uşaqlara ilk öncə ailə, ikinci növbədə isə mühit təsir edir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə