İmişlidə Gənclər günü ilə bağlı tədbir keçirilib - FOTOLAR

İmişli rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili”nə həsr olunan “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə İmişli rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri, gənc partiya fəalları iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Heydər Əliyev və Azərbaycan gəncliyi” videoçarxı nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan İmişli rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev bildirib ki, Ümummilli lider Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Cənab Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə bir çox sərəncamlar imzalamış, dövlət proqramları qəbul etmişdir.

Ulu öndər Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.” sözləri ilə çıxışına başlayan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev qeyd edib ki, bizlər bu gün Azərbaycan vətəndaşı olmağımızla fəxr edir, qürur duyuruq. Bu qürur bizdə davamlı inkişafda olan, bünövrəsi Ulu öndərimiz H.ƏIiyev tərəfindən qurulmuş, günbəgün inkişaf edən, bayraqları uca zirvələrə qalxan güclü və sivil bir dövlətdə, doğma Azərbaycanımızda yaşamağımızdan irəli gəlir. Dövlətimiz gənclərin sağlam ruhda tərbiyə olunmaları və əsl vətəndaş kimi yetişmələri üçün əlindən gələni əsirgəmir. Düşünürəm ki, dövlətimizin Siz gənclərə göstərdiyi qayğı və diqqət Sizin məsuliyyətinizi daha da artıracaq, ölkəmizin gələcək inkişafı üçün çiyinlərinizə ağır və şərəfli yük qoyacaqdır. İnanıram ki, Siz öz fəaliyyətinizlə Prezidentimiz İlham ƏIiyevin gənclərə olan inam və etimadını Vətən müharibəsində olduğu kimi, gələcəkdə də doğruldacaqsınız.

Digər çıxış edənlər qeyd ediblər ki, gənclik cəmiyyətin ən aktiv təbəqəsidir. Azərbaycanın inkişafında, ictimai-siyasi həyatında, ölkədə keçirilən istənilən tədbirlərdə gəncliyin rolu getdikcə artmaqdadır.

Sonda 2 fevral Gənclər günü ilə əlaqədar olaraq rayonun ictimai-siyasi həyatında fərqlənən gənclər “Fəxri Fərman”la təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə