"Bir insanı davamlı tənqid etdikdə onda qıcıq yarada bilərik" - PSİXOLOQ DANIŞDI

"Tənqid ümumiyyətlə, elə şəxslər tərəfindən edilməlidir ki, tənqid olunan insan onu qəbul etsin. Elə tənqidlər var ki, haqlı olmağına baxmayaraq insanlar onu qəbul etmir. Çünki onlar hər şeydən öncə tənqid edən şəxsi qəbul etmirlər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, bir insanı davamlı tənqid etdikdə onda qıcıq yarada bilərik: "Bəzən də tənqidlə təhqiri də səhv salırlar. Bu isə böyük bir problemdir. İnsanlar çalışmalıdır ki, hər kəsin yanında kimisə tənqid etməsinlər. Qarşımızdakı insan tənqidə hazır olduğu anda bunu etməliyik. Bu daha məqsədəuyğundur və qarşı tərəfdən sakit bir şəkildə qəbul edilir.

Tənqidin də müxtəlif növləri var. Uşağa, böyüyə, kişiyə, qadına edilən tənqidlər var ki, bu növlərə görə də insanların reaksiyası fərqli ola bilir. Məsələn, bəzən kişilər qadın tərəfindən tənqid edilməyi qəbul etmirlər. Ona görə də qadınlar elə bir üsuldan istifadə etməlidir ki, kişi özünü davamlı olaraq tənqid olunmuş hiss etməsin".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə