Vaqonlarda yaşanan texniki problemlərin səbəbi nədir? - QURUM RƏSMİSİ AÇIQLADI

"Qeyd etmək lazımdır ki, vaqonlarda, əsasən, metroda sıxlıq olanda bir qayda olaraq qapılarla bağlı problemlər yaranır. Son illərin statistikasına nəzər yetirsək, ildən-ilə bu məsələ ilə bağlı nasazlıqların qeydə alınması halları kifayət qədər azalıb. Bunun əsas səbəbi vaqonlar təmir olunarkən onların qapı sistemlərinin müasir idarəetmə və avadanlıqlarla təchiz olunmasıdır". Bu sözləri SİA-ya açıqlamasında"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, qapıların açılıb-bağlanması daha rəvan və təzyiqə davamlıdır: "Bu məsələlərə xüsusi diqqət yetirildiyindən, xüsusən də vaqonların orta və əsaslı təmiri nəticəsində nasazlıqların sayı azalıb. Nümunə üçün deyə bilərik ki, sonuncu dəfə belə bir hadisə noyabr ayında baş vermişdi. Sentyabrın 15-dən sonra pandemiya dövründən qalan müvafiq məhdudiyyətlərin aradan qaldırılması, tədris prosesinin adi qaydada davam etdirilməsi, əksər müəssisələrdə iş rejiminin ənənəvi qaydada təmin olunması səbəbiylə metropolitendə sıxlıqlar artıb. Bu sıxlıqlar zamanı sərnişinlərin ən çox müdaxilə etdiyi və ən çox təzyiqə məruz qalan vaqon elementləri arasında qapı xüsusi seçilir. Qapıların tutub saxlanması kimi fiziki təsirlər təbii ki, izsiz ötüşmür. Ona görə metropoliten də vaqon qapıları ilə bağlı məsələlərə xüsusi diqqət göstərir".

Mətbuat katibi sözlərinə davam edərək həmçinin qeyd edib ki, hər bir qatar depoya texniki baxış üçün daxil olarkən bütün sistemlərdən əlavə olaraq qapı sistemləri, salonun oturacaqları və digər məsələlərin hamısına xüsusi qaydayla yanaşılır: "Sıxlıqlar dövründə yaşana biləcək problemlərin hər birinin vaxtında qarşısının alınması üçün işlər görülür. Yay dövründə ümumiyyətlə, belə problemlər yaranmır. Çünki sərnişin sıxlığı olmur. Digər fəsillərdə isə bu cür hallar maksimum ayda bir dəfə və ya bir neçə aydan bir baş verə bilir.

Son günlərdə stansiyalarda yaşanan izdihamların səbəbi isə məncə, hər kəsə bəllidir. Yeni il günündən etibarən "Sahil" və "28 May" stansiyalarında kifayət qədər sıxlıq müşahidə olunur. Hətta builki Yeni il gecəsində metropolitenin iş rejimi nəzərdə tutulan vaxtdan əlavə bir saat da uzanmışdır. Şəhər mərkəzinə yaxın stansiyalarda xüsusi gücləndirilmiş qaydada iş rejimi təmin olunub. Artıq bu stansiyalarda yaşanan izdihamları qeyri-adi səhnə adlandırmaq olmaz. Metropoliten stansiyalarının bəlli sayda sərnişin tutumu, giriş və buraxılış qabiliyyəti var. Buna uyğun olaraq hər bir məsələ tənzimlənib və sərnişindaşımada heç bir problem yaşanmayıb".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə