"Valideyn bunları etməklə uşağın şüur inkişafını zədələyir" - PSİXOLOQ AÇIQLADI

"Elə valideynlər var ki, övladlarından giley edib, psixoloqa yönləndirirlər. Məsələnin sonunda isə özləri günahkar çıxırlar. Bunun da səbəbi valideynlərin övladlarına laqeyd yanaşmasıdır". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova səsləndirib.

Onun sözlərinə görə, əgər valideyn övladından dəyər görmək istəyirsə, mütləq özü də övladına dəyər verməlidir: "Çünki müxtəlif yaş dövründə övladın daha çox valideynə ehtiyacı olur, nəinki valideynin hər hansı bir istiqamətə yönəltməyinə. Övladımızı istədiyimiz istiqamətə yönəldib ondan müsbət cavab almaqdan ötrü təbii ki, biz ilk öncə ona vaxt ayırmalıyıq. Biz bilirik ki, 3 yaşdan 7 yaşa qədər şüurun inkişaf prosesi gedir. Bu yaş aralığında övladımızın şüurunda doğan suallar övladımızın inkişafında birbaşa öz təsirini göstərməyə başlayır. Əgər həmin zamanımızı da sosial şəbəkələrdə keçiririksə, deməli, gələcəkdə övladlarımızın da bizə ayıracağı vaxtının olmaması normaldır".

Psixoloq sözlərinə davam edərək qeyd edib ki, biz valideynlərin bu cür laqeydsizliyi uşaqların altşüurunda travma olaraq qalır: "Övladlar valideynlərini örnək götürdükləri üçün gələcəkdə onlar ziyalı, şüurlu düşüncəni bir kənara qoyaraq yalnız ata-analarının davranışlarını əsas istiqamət olaraq götürəcəklər. Əgər valideyn sosial şəbəkələrdə kimləsə ağız dalaşına girirsə, kimisə təhqir edirsə, uşaq da böyüdükdə bunu normal hərəkət kimi qəbul edəcək. Düşünəcək ki, onlara heç kim heç nə demirsə, demək ki, bunu etməkdə problem yoxdur. Biz bunları etməklə övladımızda qeybətə meyillilik yaradır və şüur inkişafını zədələyirik. Bütün bunlardan sonra övladımız yanlış addımlar atdıqda biz onu yox, birbaşa özümüzü qınamalıyıq. Odur ki, dəyər görmək üçün övladımıza dəyər verməli, vaxt ayırmalıyıq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə