QARI DÜŞMƏN DOST OLMAZ -DEPUTAT AÇIQLADI

İranın anti-Azərbaycan və ermənipərəst siyasəti bu günün hadisəsi deyil, 1925-ci ildə qərbin dəstəyi ilə hakimiyyətə gələn Pəhləvi fars rejimi daim bu siyasəti yeridib. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli deyib:

Onun sözlərinə görə, məhz bu rejim 1946-cı ildə paytaxtı Təbriz olan Azərbaycan Milli Hökumətini qan dənizində boğdu. 1979-cu ildə Pəhləvi hakimiyyəti devrilib, yerinə molla rejimi gəlsə də, dəyişən forma idi, məzmun eyni ilə qaldı, Avropa kostyumunu çıxaran fars rejimi başına molla əmmaməsi qoyub, əyninə molla əbası geyməklə kifayətləndi. Qarabağ müharibəsi başlayan gündən İranın fars-molla rejimi öz düşmənçiliyini aydın şəkildə ortaya qoydu, Azərbaycana torpaq iddiası irəli sürən, ərazilərimizi işğal edən, insanlarımızı dədə-baba yurdlarından vəhşicəsinə qovub, qaçqın-köçkün vəziyyətinə salan işğalçı Ermənistanı bütün vasitələrlə dəstəklədi, ərzaqla, yanacaqla və s. vacib resurslarla təmin etdi. Bütün vasitələrlə çalışdı ki, Azərbaycan işğal altında qalsın, bu münaqişə uzansın.

44 günlük müharibə zamanı isə İran Azərbaycana qarşı açıq şəkildə düşmənçilik mövqeyi tutdu. Bu gün də bu mövqeyini davam etdirir. Əvvəl bunu guya gizli görürdü, indi açıq şəkildə Azərbaycanı hədələyir, sərhədlərimizdə hərbi təlimlər keçir, Ermənistan sərhədlərini özləri üçün qırmızı xətt hesab edirlər. Amma bunun Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur və heç kəs də Azərbaycanla hədə dilində danışa bilməz. Necə ki, 44 günlük müharibə zamanı danışa bilmədi. O cümlədən və xüsusilə İranın fars-molla rejimi.

Biz isə bir şeyi yaddan çıxarmamalıyıq, “qarı düşmən dost olmaz”. Bəzən bizim politoloqlar, ermənilərin ağıllanacağını, 44 günlük müharibənin nəticələrindən dərs çıxaracağını, Azərbaycanla, Türkiyə ilə sülhə gələcəyini, yenə də “hinger Hayastan” olacağını güman etdiyi kimi, elə güman edirlər ki, İranın fars rejimi də nə vaxtsa Azərbaycanla mehriban dost olacaq. Amma olmayacaq, nə erməni, nə də fars rejimi. Regionda siyasətimizi də buna uyğun qurmalıyıq.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə