"Paşinyan sözlərinə əməl etmədiyindən sülh gecikir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ceyhun Bayramov, Ararat Mirzəyan və Şarl Mişel arasında telefon danışığı olub. Lakin bu danışıqların heç bir nəticəsi yoxdur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, sülh sazişinin bağlanması istiqamətində heç bir irəliləyiş yoxdur: " Ermənistanın baş naziri Nikol Paşinyan sülh planının hazır olduğunu ifadə edir. Lakin qorxub çəkindiyi üçün heç bir addım atmır. Ona görə sülh sazişinin bağlanması prosesi uzanır. Məsələ uzandıqca bölgədə gərginlik davam edir və toqquşmalar baş verir".

Elxan Şahinoğlu sözlərinə əlavə edərək qeyd edib ki, vasitəçilik rolunda çıxış edənlərin də sayı artıb: " Rusiya , Avropa İttifaqından Şarl Mişel, ABŞ-dan Blinken də tez-tez maraqlanır. Sülh sazişinin mətni hazırlanması üçün işçi qrup yaradılmalıdı. 31 avqustda Avropa İttifaqının prezidenti Şarl Mişel, Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş zamanı noyabrda yenidən üçtərəfli görüşün baş tutması ilə bağlı razılaşma olub. Azərbaycan Ermənistanın təxribatları ilə hər zaman üzləşib. Lakin həmişə planlaşdırılan tarixdə görüşlər baş tutub. Görüşdən nəticə olmamasının səbəbi Paşinyanın sözlərinə əməl etməməsidir. Paşinyanın siyasəti sülhü gecikdirir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə