Ermənilər nə vaxta kimi başqalarının təklifi və ideyaları ilə yaşayacaq? - HƏRBİ-SİYASİ EKSPERT AÇIQLADI

"Bu gün cəbhədə baş verən hadisələri hər kəs izləyir. Bilirik ki, Brüssel görüşündən sonra Azərbaycan sülh təkliflərini hazırlayırdı. Lakin belə bir dövrdə bütün beynəlxalq nümayəndələrin gözü qarşısında Ermənistanın cəbhədə təxribat törətməsi yolverilməzdir". Bu sözləri SİA-ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib.

O bildirir ki, Azərbaycan dövlət sərhədlərində sülh olmasını istəyir: "Eyni zamanda, Azərbaycan delimitasiya və demarkasiya məsələsinin həllinin tapmasını gözləyir. Kommunikasiyaların açılması da olduqca vacibdir. Belə bir məqamda Ermənistanın təxribat törətməsi dözülməzdir. Ermənistan tərəfi bütün beynəlxalq hüquq normalarını pozaraq beynəlxalq cinayət törətdi. Azərbaycana törədilən təxribata görə Ermənistan cavab verməlidir. Ermənistanın hərbi, siyasi rəhbərliyi anlamalıdır ki, bütün dünyanın və beynəlxalq ictimaiyyətin gözü qarşısında Azərbaycanın sərhədlərini pozmaq və Azərbaycan sərhədində xidmət aparan əsgərlərə hücum etmək və əsgərləri qətlə yetirmək nə dərəcədə doğrudur və ya Ermənistanın sülhə hazırlığı budurmu? Ermənistan 30 ildir ki, bu cür təxribatlarla Azərbaycana qarşı vandal və terror aktlarından əl çəkmir. Bu gün də onu davam etdirməkdədir, baxmayaraq 44 günlük Vətən müharibəsi dövründə Ermənistan nəticə çıxarmalı idi. Amma biz yenə təklif edirik ki, Ermənistan öz xalqını təhlükə yaratmasın və normal qonşuluq münasibəti saxlasınlar. Terror aktlarından və müharibədən əl çəksinlər. Onlar nə vaxta kimi başqalarının təklifi və ideyaları ilə yaşayacaqlar? Onlar öz gələcək imkanlarını düşünsünlər. Ermənistan yeni silah və texnikalara vəsait yönəltmək əvəzinə, rifahlarına yönəltsələr daha yaxşı olar. Biz bilirik ki, bütün yüksəkliklər və strateji zonalar Azərbaycan ordusundadır. Azərbaycan ordusu bütün mülki vətəndaşların təhlükəsizliyini təmin edir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə