"Avropa İttifaqı Azərbaycanın mövqeyini dəstəkləyir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan, Ermənistan və Avropa İttifaqı liderləri arasındakı nəzərdə tutulan görüş Brüssel sülh gündəliyi çərçivəsində həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.

Onun sözlərinə görə, bu görüş üzrə əsas vasitəçiliyi həyata keçirən Aİ-nin əsas marağı siyasi dividentlər əldə etmək və bölgədə Rusiyanın nüfuzunu zəiflətməkdir: "Budəfəki görüşü vacib edən əsas məqam Azərbaycan tərəfindən həyata keçirilmiş "Qisas" əməliyyatı oldu. Belə ki, Ermənistan əvvəlki görüşlər üzrə əldə edilmiş razılıqlar üzrə heç bir əməli addım atmayıb və əlavə olaraq 10 noyabr Bəyanatının da bəzi müddəalarını icra etməkdən boyun qaçırmaqda davam edir. Burada Ermənistanın əsas məqsədi zaman qazanmaq və siyasi vəziyyəti öz xeyrinə dəyişərək xaricdən dəstək əldə etməkdir. Lakin real görünən odur ki, Azərbaycan dövləti Ermənistanın bu niyyətlərinin icrasına imkan verməyəcək və İrəvanın siyasi imitasiyalarına imkan verməyəcək. Son əməliyyatların da əsas məqsədi məhz bu idi ki, Ermənistan Laçın şəhərini və Laçın dəhlizini dərhal tərk etsin. Buna da Azərbaycan nail oldu. İndi isə əsas strateji məsələ kimi sərhədlərin delimitasiyasi, qanunsuz silahlı birliklərin ərazidən çıxarılması, reinteqrasiya məsələsi və Zəngəzur dəhlizinin icrasıdır. Heç şübhəsiz ki, görüşün gündəliyinə bu məsələlər daxil olacaq".

Politoloq Amid Əliyev fikirlərinə əlavə edərək bildirib ki, Azərbaycanın mövqeyi artıq hamıya məlumdur: "Görüşün əsas məqsədi Ermənistanı üzərinə düşən öhdəlikləri yerinə yetirməyə təhrik etməkdir. Çünki, tərəddüdlü mövqe nümayiş etdirən Ermənistanın hər dəfəki manipulyasiyaları ümumi sülh gündəliyinin işini gecikdirməklə yanaşı, bölgədə də eskalasiya yaratamaq cədlərinə hesablanıb.
Ermənistanın siyasi və hərbi rəhbərliyi və sadə ermənilər çox yaxşı başa düşürlər ki, bu məsələdə Azərbaycana qarşı istifadə oluna biləcək bir arqument və ya beynəlxalq presedent yoxdur. Həmçinin erməni cəmiyyəti hələ də məğlubiyyəti həzm edə bilmir, bu da öz növbəsində daxildə ziddiyyətlərin artması ilə müşahidə olunur. Bütün bunlara baxmayaraq, Azərbaycan hər zaman əldə olunmuş sülhün qorunmasını və mehriban qonşuluq prinsiplərini üstün tutaraq, Ermənistan tərəfini rəsmi danışıqlar masasına dəvət edir və əldə olunmuş razılıqların icrasını tələb edir. Budəfəki görüşdə də bu məqamlar Ermənistan rəhbərliyinə bir daha çatdırılacaq. Əks halda Ermənistan bir dövlət kimi növbəti məsələlərin həllində bir tərəf kimi iştirak etmək hüququnu formal olaraq saxlayacaq. Bütün vacib məqamlar Azərbaycan tərəfindən təkbaşına icra olunacaqdır.
Vasitəçi qismində çıxış edən Avropa İttifaqı da bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir. Son zamanlar daha çox qərbyönmülü siyasət yolu seçən Ermənistan ağır seçim qarşısındadır. Rusiya patronajlığından qurtulmaq və Qərb siyasi kursunu seçmək heç də Ermənistan üçün yaxşı nəticə vəd eləmir. Lakin, Azərbaycanın da yaratdığı real siyasi vəziyyət də bölgədə Ermənistana əl qol açmağa imkan vermir. Belə olan şəraitdə Ermənistan optimal mövqe seçməlidir. Əks halda Azərbaycanın növbəti mərhələdə gücdən yenidən istifadə edərək təhriketmə planı işə düşə bilər".

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə