"Rusiya və Ukrayna müharibəsi sonu görünməyən yoldur" POLİTOLOQ ŞƏRH ETDİ

"Artıq iki gün sonra Rusiya və Ukrayna müharibəsində 6 ay geridə qalır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, müharibə öz ampluasında davam edir: "Bəzi ərazilərdə müharibənin tempi zəifləsə də, bəzilərində müharibənin qızışması ilə bağlı məlumat yayılır. Bu günə qədər Rusiya və Ukrayna arasında ortaq yol tapılmayıb. Bunun səbəbi odur ki, nə Rusiya tərəfi öz istəklərindən geri çəkilir, nə də Ukrayna tərəfi Rusiya ilə razılaşır. Ukrayna öz ərazi bütövlüyünü bərpa etməyə çalışır. Türkiyə bütün gücü ilə tərəflər arasında münasibətlərin normallaşdırılmasına səy göstərir. Lakin təəssüflə demək lazımdır ki, hələ sülh danışıqlarının aparılması mümkün olmayıb. Atılan addımlar göstərir ki, bu, tam mümkün olmayacaq. 22 iyulda taxıl böhranının həllinə nail olmaq Rusiya, Ukrayna, Türkiyə və BMT-nin iştirakı ilə anlaşma imzalandı. Beləliklə, həm Rusiya taxılı, həm də Ukrayna taxılı Qara dəniz və Türkiyə vasitəsilə dünya bazarına çıxarıldı. Bu gün müəyyən mənada taxıl ixracı davam edir. Rusiyanın məqsədi odur ki, Kırım Rusiyanın tərkibinə qatılsın, Donesk və Luqansk da müstəqil dövlət kimi tanınsın. Ukrayna isə bunun qəti əleyhinədir. Beynəlxalq hüquq normalarına əsasən, bu ərazilər Ukraynanındır. Çünki Türkiyə Rusiya ilə iqtisadi əməkdaşlıq etsə də, dəfələrlə bəyan edib ki, Kırım, Donesk, Luqansk Ukrayna torpaqlarıdır. Ukrayna məsələsində Türkiyə və Rusiyanın da fikir ayrılıqları mövcuddur. Zaporojye AES -ə BMT-nin nümayəndələrinin gəlməsi və müzakirələrin aparılması, yoxlamaların keçirilməsi gözlənilir. Ola bilər ki, Zaporojye Ukrayna hərbçilərinin nəzarətinə keçməsi gündəmə gətirilsin. Çünki burada hər hansı bir partlayış baş versə, təkcə Ukrayna üçün deyil, bütün dünya ölkələri üçün fəlakətə səbəb ola bilər. Üçüncü dünya müharibəsi başqa-başqa variantlarda aparılır, lakin İkinci dünya müharibəsinin fonunda Üçüncü dünya müharibəsi olacağına inanmıram. Rusiya Ukrayna müharibəsi üçüncü dünya müharibəsinin müəyyən mənada əlamətləridir. Çünki bir tərəfdə Ukraynanı dəstəkləyən NATO ölkələri, digər tərəfdən Rusiya və onun müttəfiqləri dayanır. Bu, dünya müharibəsinin göstəricisidir. Lakin ümumi olaraq qlobal müharibə deyil. Rusiya Ukrayna müharibəsi hələ ki, sonu görsənməyən qaranlıq yoldur. Bu yolun sonunda işığın olması proseslərin istiqamətindən asılı olacaq".

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə