Cənubi Qafqaza maraq niyə artıb? POLİTOLOQDAN REAKSİYA

"Dünyada hazırda Rusiya, ABŞ və Çin arasında ciddi şəkildə problem yaşanmaqdadır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib

Politoloq qeyd edib ki, ABŞ-ın dünyada tək hakimiyyətini və ağalığını Çin, Rusiya və bir neçə ölkə qəbul etmək istəmir: "Burada iki ssenari var. Rusiyanın tutduğu hərbi istiqamətdə ABŞ-ın maraqlarına hərbi güc ilə cavab vermək və ya Çin kimi yumşaq gücdən istifadə etməkdir. Əlbəttə ki, bu fonda Cənubi Qafqaz da çox ciddi problemlərlə üzləşə bilər. Cənubi Qafqazda Qərb və Rusiya arasında geosiyasi mübarizəyə start verilib. Biz son dövrləri nəzərdən keçirsək görərik ki, ABŞ və Rusiya arasında ciddi şəkildə mübarizə var. Bu mübarizə Cənubi Qafqaz ölkələrinin sabitliyinə də təsir edir. Burada siyasi hakimiyyətlərin necə davranış nümayiş etdirəcəyi və xarici siyasətdə atacağı addımlar çox vacib əhəmiyyətə malikdir".

Politoloq sözlərinə əlavə edərək bildirib ki, son baş verən proseslərdə biz gördük ki, həm Rusiyadan, həm ABŞ-dan, həm Avropa İttifaqından, həm də Çindən Azərbaycana maraq artıb: "Bu vəziyyət onun göstərir ki, rəsmi Bakı maksimum şəkildə öz maraqlarının həyata keçirilməsinə imkan verə bilər. Əgər həmin dövlətlər Qafqazda öz dövlət maraqlarını lazımi səviyyədə həyata keçirmək istəyindədirlərsə, o zaman mütləq şəkildə Azərbaycanın da maraqları nəzərə alınmalıdır. Söhbət Azərbaycan və Ermənistan arasındakı yeni proseslərlə bağlı vəziyyətdən gedir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə