"Ulu Öndərin Prezident seçilməsi Azərbaycanın xilası üçün atılmış ən doğru addım idi" - ŞƏRH

Ömrünü vətəninə, xalqına həsr edər Əbədiyaşar Lider, müasir müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın son yarım əsrinin bütün çalarları ilə zəngin olan möhtəşəm tarixi ulu öndərin adı ilə bilavasitə bağlıdır. "Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub", - deyən ulu öndər Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində xalqına, Vətəninə bağlılığının nəticəsi idi ki, ölkə dağıldığı, xaos, anarxiya hökm sürdüyü çətin dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyini əbədi etdi.

1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı bir əsrdə ikinci dəfə milli dövlətçiliyi dağılmaq təhlükəsinə məruz qalan Azərbaycan xalqını siyasi uçurumdan, deqradasiyadan və sosial-iqtisadi təlatümlərdən xilas etdi. Olduqca çətin və mürəkkəb bir şəraitdə xalqın tələb və təkidi, xahişi ilə ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi, ayın 15-də Ali Sovetin Sədri seçilməsi Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi. 1993-cü il iyunun 24-də prezidentin səlahiyyətlərinin ulu öndər Heydər Əliyevin icra etməsi Azərbaycanın xilası üçün atılmış ən doğru addım idi. 1993-cü il iyunun 24-dən Prezident səlahiyyətlərini icra edən Heydər Əliyev ümumxalq səsverməsi yolu ilə oktyabrın 3-də keçirilən prezident seçkilərində seçicilərin 98,8 faizi ulu öndərə səs verərək ölkənin taleyini bu görkəmli dövlət xadiminə həvalə etmək niyyətində olduğunu bütün dünyaya nümayiş etdirdi. Ulu öndər Heydər Əliyev andiçmə nitqində demişdi: "Belə yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəmi üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm". Bir sözlə bütün bunlar Azərbaycan xalqının Heydər Əliyev siyasi dühasına olan inam və etimadını gündən-günə artırırdı. Ulu öndər Heydər Əliyev özünün ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyin, vətəndaş cəmiyyəti yaradılmasının başlanğıcını qoydu.

Bununla yanaşı, 1994-cü il may ayının 12-də cəbhədə atəşkəsin əldə edilməsi dövlətçiliyin möhkəmləndirilməsi, eləcə də nizami ordu quruculuğu, ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addım oldu. Həmçinin, ümummilli lider müdrik uzaqgörənliyi və qətiyyəti sayəsində işlənib hazırlanaraq 1994-cü ildə dünyanın nəhəng neft şirkətləri ilə birgə imzalanmış "Əsrin müqaviləsi" respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazıldı. 1995-ci ildə ulu öndər Heydər Əliyevin müəllifi olduğu xalqın dövlətçilik iradəsinin, suverenliyinin təcəssümünə çevrilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunması cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə yol açdı, insan hüquq və azadlıqlarının qorunması üçün əlverişli şərait yaratmaqla, həyatımızın bütün sahələrinin inkişafına təkan verdi. Bu gün Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir. Ümummilli Liderimizin siyasi xəttinə sadiq qalan Azərbaycan Prezidenti cənab İlham Əliyev müstəqil ölkəmizi gələcəyə doğru inamla aparır. Sürətlə inkişaf edən və müasirləşən respublikamız qısa müddətdə regionun lider dövlətinə, xüsusilə dünyanın enerji təhlükəsizliyinin etibarlı təminatçılarından biri kimi özünün iqtisadi, siyasi və hərbi qüdrəti ilə qarşıya çıxan istənilən problemi həll etməyə qadir olan bir dövlətə çevrilib. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur və bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır.

Beləliklə, bu baxımdan 1993-cü il iyunun 24-də Prezident səlahiyyətlərinin Ali Sovetin Sədri Heydər Əliyevə verilməsi barədə Milli Məclisin məlum qərarı da dövlətçilik tariximizin mühüm səhifələrindən biri olmaqla, Azərbaycanın xilası üçün atılmış ən doğru addım idi.

FUAD HEYDƏR,

YAP Səbail rayon təşkilatının təlimatçısı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...