Festivalın bir neçə mühüm hadisə ilə yadda qalacağına şübhə yoxdur - HƏRBİ EKSPERT MÖVQE BİLDİRDİ

“Azərbaycanda ilk dəfə keçirilən “Texnofest-2022” gənclərin süni intellekt, robotlaşdırma, proqram təminatı, puaların hazırlanması, onların sınaqlarının keçirilməsi, uçuşun proqramlaşdırılması, məlumatların toplanması və digər sahələr üzrə bacarıqlarının geniş şəkildə ictimaiyyətə təqdim edilməsi üçün unikal imkanlar yaradır”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, festivalın bir neçə mühüm hadisə ilə yadda qalacağına şübhə yoxdur: “Bunlardan birincisi Türkiyədən 2 min kilometr məsafəni qət etməklə və həm də Ermənistan sərhədlərinə yaxın bir ərazidən uçaraq Bakı Hava Limanına enən “Akınçı” PUA-sı kifayət qədər ciddi bir hadisə olaraq yaddaşlarda qalacaq. Dünyaya çox yaxşı tanış olan “BAYKAR” makina şirkətinin “Uçan balina” adlandırdığı bu PUA-lar Azərbaycan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. İctimaiyyətimiz bu PUA-ların hazırlanması və qəbulunu çox diqqətlə izləyir”.

Ədalət Verdiyev sözlərinə belə davam edib: “Bir neçə gündür ki, türk yüksək pilotaj qruplar Bakı səmasında birlik, bərabərlik, qardaşlıq festivalına hazırlıq üçün uçuşlarını həyata keçirirlər. Bu da çox dərin siyasi məna daşıyır.

Azərbaycan və Türkiyə bu festival məsələsi ilə bir daha dünyaya “Bir millət, iki dövlət” şüarını öz fəaliyyətləri ilə nümayiş etdirəcəklər. 28 May Müstəqillik Günündə isə Azərbaycan və Türkiyə pilotlarının nümayiş etdirəcəyi uçuşlar Azərbaycanla rəqabət aparan və ya bizimlə düşmənçilik etməyə cəhd edən qüvvələrə xəbərdarlıq nümayişi göstərəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə