Aİ-nin Azərbaycana, Azərbaycanın da Aİ-yə ehtiyacı var - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan müstəqil dövlətdir və onun siyasəti də müstəqil mahiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan Avropa ailəsinin üzvüdür". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, Parlament Şurasının üzvlüyü və Avropa İttifaqı ilə əməkdaşlığı ən uğurlu mərhələyə daxil etmək üçün tərəflər arasında yeni müqavilələrə ehtiyac var: "1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa edərkən Avropa İttifaqı üçün önəm daşımayan ölkələrdən biri idi. Lakin bugünkü gündə Azərbaycan yalnız region dövləti, Cənubi Qafqazın lideri deyil, həmçinin, dünyanın bir çox layihələrinə dəstək verən, siyasi və iqtisadi təsir gücünə malik olan bir dövlətdir".

Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, xüsusilə son dövrlərdə Rusiya-Ukrayna arasındakı mövcud vəziyyətlə əlaqədar Azərbaycanın iqtisadi və enerji gücünə böyük ehtiyac duyulur: "Yəni, Avropa Azərbaycandan həm neft, həm də qaz almaq üçün yollar düşünür. Azərbaycan da öz neft və qazını dünya bazarına çıxarmaq üçün Avropaya ehtiyac duyur. Bu istiqamətdə uğurlu danışıqlar aparılır. Ölkə başçısının da qeyd etdiyi kimi həm Avropa İttifaqının Azərbaycana, həm də Azərbaycanın Avropa İttifaqına ehtiyacı var. Bu mənada Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri, bu əlaqələri ən yüksək səviyyəyə çatdırmaqda hər iki tərəfin istəkli olduğunu göstərir. Bir halda ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, o zaman Azərbaycan ilə Ermənistan arasında tezliklə sülh müqaviləsi imzalanmalı və Avropa dövlətlərinin də ölkəmizlə bağlı arzu və istəklərini sülh şəraitində reallaşdırmaq lazımdır.

Bugünkü gündə güclü bir Azərbaycan dövləti var. Azərbaycanın Ali Baş Komandanı, xalqı, ordusu onu qorumaq, dünya dövlətləri ilə əlaqələri daha da inkişaf etdirmək üçün əlindən gələni edir. Azərbaycan yalnız Avropa İttifaqı ilə deyil, dünyanın bütün mütərəqqi təşkilatları ilə danışıqlar aparmağa və müqavilələr imzalamağa hazırdır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə