Ermənistan bu hərəkətləri ilə sülh prosesinə kölgə salır - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistan son dövrlərdə intensiv şəkildə Azərbaycan ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutur. Bununla regionda stabilliyi pozmaq istiqamətində fəaliyyət göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Ermənistan bu hərəkətləri ilə sülh prosesinə kölgə salır: "Çünki həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyi ilə regionda sülh danışıqları həyata keçirilir və bu danışıqlar çərçivəsində sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi öz həllini tapmağa çalışır. Aprel ayının sonunadək Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən danışıqlarda əldə olunan razılığa əsasən Ermənistan-Azərbaycan sərhədi ilə bağlı delimitasiya komissiyası çağırılmalı və təhlükəsizlik zəmanətləri müəyyən olunmalı idi. Lakin bu, baş tutmadı".

Politoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, daha sonra Rusiyanın təşəbbüsü ilə mayın 17-də eyniadlı komissiya çağırılmalı olsa da Ermənistan yenə də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi: "Bu səbəbdən atəşkəsin pozulması, sərhəddə problemlərin yaranması halları baş verir. Ermənistanın təxribatları həm də ölkə daxilində olan mitinqlərin siyasi alətə çevrilməsi ilə paralellikdə baş verir. Ermənistanın daxilində olan narazılıqlar həm sülh prosesinə mənfi təsir göstərir, həm də bizim mövqelərimiz atəşə tutulur.

Azərbaycan əsas istəyi sülh müqaviləsinin imzalanması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması, kommunikasiya xətlərinin açılması və Cənubi Qafqazda təhlükəsizlik və sabitlik şəraitinin qurulmasıdır. Ermənistan öz destruktiv mahiyyətinə uyğun olaraq sülhü mənfi məcraya çəkir. Eyni zamanda, Ermənistanın irəli sürdüyü 6 maddəli təklif də bu mahiyyəti daşıyır və regional əməkdaşlıq perspektivlərini sual altında qoyur".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...