Ermənistanda vəziyyəti qarışdıran Rusiyanın müəyyən dairələridir - POLİTOLOQ DANIŞDI

"Ermənistanda son dövrlərdə vəziyyət qarışıb. Mütəmadi olaraq həm İrəvanın müxtəlif hissələrində, həm də şəhər və rayonlarda mitinqlər keçirilir". Bu fikirləri politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, mitinqlərdə açıq-aşkar bildirirlər ki, onların əsas məqsədi Nikol Paşinyanı devirməkdir: "Amma son dövrlər Nikol Paşinyanın hakimiyyətində qətiyyətlilik və mitinqçilərə qarşı daha barışmaz münasibət özünü göstərir. Zənnimcə, Ermənistanda vəziyyəti qarışdıran Rusiyanın müəyyən dairələridir, xüsusilə Rusiyanın xidməti orqanlarıdır. Bu xidməti orqanlarının Gümrü ərazisində yerləşən 102-ci briqadasının xüsusi təyinatlılarıdır. Eyni zamanda son dövrlərdə Rusiyadan Ermənistana bu istiqamətdə, yəni cəmiyyəti qarışdırıb təbliğat aparan mütəxəssilərin göndərilməsi haqqında məlumatlar var. Bütün bunlar onu göstərir ki, Rusiya Azərbaycanla Ermənistan arasında Avropa Birliyinin bilavasitə iştirakı ilə yaradılmaqda olan sülh sazişini pozmaq istəyir. Digər bir məsələ isə odur ki, sülh sazişi ilə bağlı bütün məsələləri öz nəzarətinə almaq istəyir. Bu zaman da Dağlıq Qarabağ məsələsini ermənilərin milli hissələrinə toxunmaq üçün əsas məsələ kimi ortaya atıb. Son dövrlərdə proseslərə Amerika Birləşmiş Ştatlarının da daxil olduğunu görürük. Ermənistanın xarici işlər naziri ABŞ-a getdi və orada danışıqlar apardı. Belə təsəvvür yaranır ki, həm Avropa Birliyi, həm də Birləşmiş Ştatlar bu bölgədə Rusiyanın təkbaşına sülh yaratma prosesinə və bir neçə respublika üzərində nəzarəti öz üzərinə götürməsinə imkan verməyəcək”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə