Sənəddə Qarabağın kimə aid olduğu aydın şəkildə göstərilib - MÜSAHİBƏ

Hərbi ekspert Ədalət Verdiyevin SİA-ya müsahibəsini təqdim edirik:

- Ermənistan müxalifəti bir neçə gündür Baş nazir Nikol Paşinyan əleyhinə mitinq keçirir. Müxaliflər ondan istefa verməyi, Azərbaycan və Türkiyə ilə apardığı sülh danışıqlarını dayandırmağı tələb edirlər. Ermənistan daxilindəki bu gəlişmələrdən gözləntiniz nədir, ümumiyyətlə, durum niyə bu yerə gəlib çıxdı?
- Ümumiyyətlə, Ermənistan nə edəcəyini bilmir. Problem ondadır ki, xalqın qarşısına çıxıb vəziyyəti başa salacaq bir lider yoxdur. Ermənistanın dərdi Qarabağın əldə getməsidir. Artıq Ermənistan bu müharibəni uduzub və kapitulyasiya haqqında sənəd imzalayıb. Ermənistanda hakimiyyət dəyişsə belə onlar müharibəyə başlaya bilməyəcək. Ermənistanı silah-sursatla təmin edəcək ölkənin özü də hazırda müharibə edir. Yəni, bu heç nəyi dəyişməyəcək. Paşinyan hələ ki, öz tərəfdarlarını ayağa qaldırmağa çalışmır. Yəqinki bu mitinqlərin heç bir nəticə verməyəcəyini bilir.

- Paşinyan müxalifətə cavabında Qarabağın Azərbaycan ərazisi olduğu fikrini yenidən təkrarladı. Eyni zamanda, bunu keçmiş prezident Serj Sərkisyanın da qəbul etdiyini bildirdi. Bəs onun bu mesajını necə anlamalıyıq?
- Ortada imzalanan sənəd var və bu sənəddə Qarabağın kimə aid olduğu aydın şəkildə göstərilib. Bu qədər keçirilən görüşlərdə və ya imzalanan sənədlərdə Qarabağın Azərbaycana aid olmamasına dair bir kəlmə yoxdur. Biz ümumiyyətlə, bu məsələni müzakirə etmirik. Lakin bizim üçün bitməyən məsələlər də var ki, bunlar sərhəd və sülh müqaviləsi, Zəngəzur dəhlizi, Qarabağ əhalisinin doğma yurdlarına qayıtmasıdır. Belə bir halda yenə də erməni revanşistləri tərəfindən atəşkəs pozulur. Amma bizim də bir səbrimiz var. Bu təxribatların sonu da Fərrux kəndindəki kimi olacaq.

- Sizcə, regionda sülhün olması kimləri narahat edir?
- Azərbaycan təkcə Ermənistanla deyil, yeddi cəbhədə yeddi düşmənlə savaşdı. Onlar arasında maliyyə dəstəyi verənlər, erməni diasporu, bəzi Qərb ölkələri və s. var idi. İndi bu qüvvələr sülh məsələsində maraqlı deyillər. Avropa Rusiyanın, Rusiya isə Avropanın nizamlanma prosesindən çəkilməsini istəyir. Hər biri regionda öz nəzarətini bərpa etməyə çalışır. Azərbaycan isə öz maraqları çərçivəsində qısa müddətdə məsələnin həllinə hazırdır. Kimlər ki, 30 ildə Ermənistana bu işğalı davam etdirmək üçün yardımlar etdi, onlar münaqişənin həllini istəmirlər. Çünki onların qoyduğu pul batıb.

- Paşinyan ölkəsini rus boyunduruğundan çıxara biləcəkmi? Bu yöndə ABŞ və Avropa Birliyindən ona dəstəyin artması da müzakirə mövzusudur. Hətta xarici işlər naziri Arart Mirzoyanın dörd günlük səfər proqramı ilə Vaşinqtona getməsi də diqqətdən yayınmadı.
- Bu, asan həll olacaq bir məsələ deyil. Paşinyan vəsaiti, maliyyə yardımını Avropadan alır, amma silah dəstəyinin 95%-i Rusiya hesabına formalaşır. Son zamanlarda bir az zəifləsə də, müharibə dövründə kifayət qədər intensiv silah daşıma həyata keçirilirdi. İndi Ermənistanın çıxış yolu yoxdur. Ermənistana başqa heç bir dövlət silah yardımı etməyəcək. Yalnız Rusiya bunu edə bilər, amma indi onun özünün də silah-sursata ehtiyacı var.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə